Klublarımız kimi, FİFA dərəcəli hakimlərimiz də avrokubok mövsümünə start veriblər. Futbolinfo.az xəbər verir ki, Əliyar Ağayev və Orxan Məmmədov dünən Avropa Liqasının birinci təsnifat mərhələsində oyun idarə ediblər.
 
Əliyar Ağayev Sofiya şəhərində “Slaviya” (Bolqarıstan) – “Zaqlembe” (Polşa) matçında ədalət təmsilçisi olub. Görüş ərzində əlini cəmi 2 dəfə cibinə atan gənc referi hər komandanın bir üzvünə sarı vərəqə göstərib. Oyun isə son dəqiqələrdə vurulan qolla meydan sahiblərinin minimal hesablı (1:0) qələbəsi ilə nəticələnib.
 
Digər FİFA hakimimiz Orxan Məmmədov “Domjale” (Sloveniya) – “Luzitanos” (Andorra) matçında fit çalıb. Məmmədov ev sahiblərinə 1, qonaqlara isə 2 sarı vərəqə verməklə kifayətlənib. “Lusitanos” erkən qolla hesabı açsa da, “Domjale” ilk hissədəcə bunun cavabını artıqlaması ilə verib və 3:1 hesablı qələbə əldə edib. “Domjale”nin formasını geyinən həmyerlimiz Samir Məsimov bu matçın iştirak ərizəsinə salınmayıb.
Shares: