Azərbaycan klubları üçün avrokubok mövsümü pis başlamayıb. Ən zəiflərin qarşıladığı ilkin mərhələdəki nəticələr hələ ki, qaneedicidi. 3 oyuna 2 qələbə və 1 heç-heçə klub reytinqi baxımından da işimizə yarayır.
 
Hələlik oyun keyfiyyəti aşağıdı, komandaların heyəti və oyunu oturuşmayıb. Amma hətta bu vəziyyətdə də rəqib klublardan üstünük. Mərhələlər keçildikcə, daha güclü rəqiblərlə qarşılaşdıqca, “Kəpəz”, “Neftçi” və “Qəbələ”nin əsl gücü bilinəcək.
 
Gəncələlilər haqda qeydlərimizi yazmışıq, “Neftçi”ni isə canlı izləyə bilmədiyimizdən “münəccimlik” edə bilməyəcəyik. Düzdü, bakılıların qazandığı nəticə əladı, lakin qiymət vermək üçün bir qədər gözləmək lazımdı. “Qəbələ”yə gəlincə…
 
5:1 əla nəticədi. O qədər əla ki, onu hətta komandanı hamıdan yaxşı tanıyan baş məşqçi Roman Qriqorçuk da gözləmirdi. Artıq “Samtredia” üçün cavab matçı formallığa çevrilib və Gürcüstanda heç nə dəyişməyəcək. Lakin bu hesab “qırmızı-qaralar”ın yenidən qrup mərhələsinə yüksəlməsinə ümid verirmi?
 
Bəri başdan deyək ki, “Qəbələ” zəifləməyib. Gedənlərin yeri layiqincə doldurulub, komandada kifayət qədər legioner var, səviyyələri də qənaətbəxşdi. Uiks Dodonu, Dabo Antonovu, Kveveskiri Qayı unutduracaq gücdədi. Komandanın ən parlaq oyununu, futbolçuların adaptasiya prosesini tez başa vurmasından asılı olaraq, görəcəyik.
 
Qəbələdə bayramdı, hamı böyükhesablı qələbənin eyforiyasındadı. Lakin tələsmək yolverilməzdi. Protokolu qabağımıza qoyub baxaq: “Qəbələ”də 2 azərbaycanlı, “Samtredia”da 11 gürcü start heyətində idi: üstəlik, bütün qollarımıza – “Neftçi”dən fərqli olaraq – legionerlər imza atdı. Düşündürücü məqamdı.
 
Qriqorçuk yerli akademiyanın yetirmələrinə yəqin ki, yalnız milli çempionatda şans verəcək. Başqa şansı da yoxdu, çünki limit üzündən mütləq əcnəbilərin bir qismi ehtiyatda qalmalıdı. Yaxşı nəticə üçün əcnəbilərə güvənilməsi başadüşüləndi, lakin əmin olun ki, bunun “əbədi güclü” kimi görmək istədiyimiz “Qəbələ”yə dəxli yoxdu. “Samtredia” “Bakcell Arena”da uduzsa da, Gürcüstan futbolu qazanmağa davam edir.
 
Bugünün qalibi “Qəbələ”di. Sabahı düşünmürüksə, hər şey əladı; düşünürüksə, Qriqorçuk ölkə futboluna yalnız nəticə deyil, gələcək nəslin hazırlanması baxımından da fayda verməlidi.
 
AĞA
Shares: