…Axşam saat 10-da Şamaxıda Əsgər Abdullayevə rast gəlmək? Millimizin sabiq çalışdırıcısıyla Qəbələ – Bakı marşrutu üzrə hərəkət edərkən, Şamaxıda çay içməyə dayandığımız kafenin qarşısında rastlaşdıq. Beləcə, 2 günlük məhsuldar Bakı – Qəbələ – Bakı səfərimiz başa çatmaq üzərə idi. Elə son söhbətləşdiyimiz futbol adamı da məhz “Turan”ın baş məşqçisi oldu.

Bəs, o, Şamaxıda nə edirdi? Bu barədə başqa bir yazımızda məlumat ala biləcəksiniz. Hələliksə qayıdaq Qəbələyə – 3-cü turdan təxirə salınmış “Qəbələ” – “Sumqayıt” matçına.

Bu matçı tribunadan izləmək əsl cəhənnəm əzabı oldu. Elə ilk cümlədəcə bədbin notdan başlamağımızın səbəbi matçın qızmar günəş altında keçməsi idi. Deyə bilmərəm, bunu hansı ağıllı fikirləşmişdi, ancaq daha bir ağıllı – görüşün baş hakimi Rauf Cabbarovun su fasiləsini belə futbolçulara qıymamasının səbəbini anlamaq qeyri-mümkündü.

Elə bu səbəbdəndi ki, meydan sahibləri ənənəvi sürətlərini ilk dəqiqələrdən nümayiş etdirə bilmirdilər. “Qəbələ”nin parlaq görünməməsinin daha bir səbəbi start heyətindəki rotasiyalar idi. Roman Qriqorçuk bir neçə futbolçuya şans verməsi ilə əsas heyət üzvlərinə dincəlmək üçün imkan yaratmışdı. Bu da başadüşüləndi. Sıx qrafikə məhkum komandanın ehtiyat oyunçular skamyası da məhdud olduqda, ümid klub akademiyasının yetirmələrinə qalır.

Dünənki görüşdə ən çox sevindirən Murad Musayev oldu. Soyuqqanlı oyunuyla diqqət çəkən 22 yaşlı futbolçu barədə “perspektivli” ifadəsi işlətmək gülünc olduğu üçün Musayevin artıq növbəti mövsüm komandasının əsas heyət üzvü olacağına şanslarının yüksək olduğunu bildirək.

“Sumqayıt”a gəlincə, Samir Abasov komandasının potensialına düzgün qiymət vermişdi. Əlbəttə, onun yetirmələri əks-hücumda qol vurmaq barədə də düşünürdü. Ancaq düşüncə nəzəriyyədə, oyun isə praktikada olur. Real praktiki güc isə yalnız heç-heçəyə ümid bəsləməyə kifayət edirdi.

Fasilədən sonra oyunun ssenarisi nəzərəçarpacaq dərəcədə dəyişdi. “Qırmızı-qaralar” sürəti xeyli artırdı. Bu da 3 səbəbdən baş verdi: 
1) Fasilədə Qriqorçuk yetirmələrinə böyük qüvvəylə müdafiə olunan komandanı yalnız sürəti artırmaq hesabına məyus etməyin mümkünlüyünü anlatdı 
2) Ukraynalı mütəxəssis “qoca qvardiya”nı döyüşə atdı
3) Havada sərinləmə hiss olundu

Bütün bu komponentlərin cəmi isə “Gənclik şəhəri” təmsilçisinin müqavimətini qırmaq üçün kifayət etməli idi. Ancaq bir məqam qalırdı – ötən tur kobud səhv buraxan, bu dəfə isə “şirə dönən” Fərhad Vəliyev səddi. “Sumqayıt”ın təcrübəli qolkiperinin dünənki axşam oyundan öncə nə yeyib çıxdığını deyə bilmərik, ancaq o, bəlkə də karyerasının ən möhtəşəm oyununu keçirdi. Bax, bu oyuna qarşı Qriqorçuk da aciz idi.

Ancaq səhnəyə çıxan Mübariz Haşımov məsələni həll etməyi bacardı. Yan xətt hakimi Sergey Zenyovun zərbəsi zamanı Baqali Dabonun oyundankənar vəziyyətdə olmasını görməyə bilməzdi. Ancaq Xaqani Məmmədov məktəbinin yetirməsi “İsmayıılı perevalı”ndan da görünən ofsaydı “görmədi”.

Bu qol qonaqların baş məşqçisi Samir Abasovu özündən çıxardı. Reklam lövhəsini də təpikləyən mütəxəssis meydandan qovuldu və böyük ehtimalla cəzalandırılacaq. Ancaq reallıq budu ki, Abasov dəli olmamışdı, onun cəzasını şərtləndirən qərar laysmandan gəldi. Bəlkə də ilk baxışdan gülməli görünə bilər, ancaq təklif edərdim ki, Abasova kəsiləcək pul cəzasını elə Haşımov ödəsin!

Dabonun vurduğu ikinci qol isə nə qədər baxımlı alınsa da, faktiki olaraq, “qəzaya uğramış avtomobil”in üstündən keçən tank effekti idi. Çünki “Sumqayıt”ın futbolçuları gözəl başa düşürdülər ki, hesabda öndə olan “Qəbələ”nin qapısına yol tapmaq mümkün olmayacaq. O “Qəbələ”nin ki, bu mövsüm, ümumiyyətlə, qol buraxmayıb.

…Saat 20:30-da işimizi bitirib, daha 2 həmkarımla Bakı istiqamətinə üz tutduq. Axşam saat 10-da Şamaxıda çay içməyə dayandıq və burada Əsgər Abdullayevə rast gəldik. Beləcə, 2 günlük məhsuldar Bakı – Qəbələ – Bakı səfərimiz başa çatmaq üzərə idi. Elə son söhbətləşdiyimiz futbol adamı da məhz “Turan”ın baş məşqçisi oldu. Bəs, o, Şamaxıda nə edirdi? Bu barədə başqa bir yazımızda məlumat ala biləcəksiniz.  

CEYHUN ƏLİYEV / Bakı – Qəbələ – Bakı

Shares: