Topaz Premyer Liqasının 20-ci turunda səfərdə “Qarabağ”a minimal hesabla qalib gələn “İnter”in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, gürcü mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

– Öncə cəbhədə həlak olmuş azərbaycanlı hərbçilərin ailələrinə başsağlığı verirəm. Oyuna gəldikdə isə 3 xal qazandıq. Bu, bizim üçün vacib qələbə idi. Oyunçuların çıxışından razı qaldım. Xüsusilə müdafiədə yaxşı oynadıq. Qarşıda bizi “Qəbələ”yə qarşı çətin ev oyunu gözləyir. Çalşacağıq ki, həmin oyundan da 3 xalla ayrılaq.

– Bir neçə gün “İnter”in futbolçularının maaş almadığı barədə xəbərlər yayılmışdı. Ancaq komanda bu gün “Qarabağ”ı məğlub etdi… 
– Heç nə baş vermədi. Həmişəki kimi ayın 10-u, 13-ü maaşlar veriləcək. “İnter”in heç bir problemi yoxdu.

– “Qarabağ”a qalib gəlməyin reseptini verə bilərsiz? Burda daha çox psixoloji, yoxsa taktiki hazırlıq rol oynayır?
– Qoy bu sirr olaraq qalsın (gülür).

– Skarlatake “Qəbələ”ylə oyuna kimi maaşların veriləcəyini demişdi. Siz isə ayın 10-13-ü veriləcəyini deyirsiz. Bu, “Qəbələ”ylə oyunöncəsi problem yaratmayacaq ki?
– Əslində, 28-nə demişdilər. Çatdıra bilmədilər və ayın 10-na qaldı. Həmin vaxt da verilməsə, bu barədə məlumatınız olacaq.

ELMAR ABDULLA-ZADƏ

Shares: