Almaniyanın "Bavariya" klubunun sabiq yarımmüdafiəçisi Hasan Salihamiciç Münhen təmsilçisinin idman direktoru təyin olunub. Futbolinfo.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. O, bu postda 2016-cı ilin iyul ayında istefa verən Mattias Zammeri əvəz edib. Həmin dövrdən bəri bu post vakant qalmışdı.
Salihamiciç təyinatı ilə də bağlı danışıb. O, Münhen təmsilçisinin rəsmi saytına açıqlamasında bunları söyləyib: "Bavariya" xüsusi klubdu. Təklif alan kimi, dərhal bu vəzifəni istədiyimi anladım. Futbolçu olduğum dövrdə də mən hər məşqdə, oyunda tam gücümü sərf edirdim. İndi də idman direktoru olaraq xidmət göstərməyə hazıram. İşimə başlamağı səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Bosniya və Herseqovina yığmasının 40 yaşlı sabiq futbolçusu karyerası ərzində "Hamburq", "Yuventus" və "Volfsburq" klublarında da çıxış edib. "Bavariya" isə onun karyerasında daha önəmli yer tutur. Hasan 1998-ci ildən 2007-yə qədər Münhen təmsilçisində çıxış edib və 250-yə yaxın oyun keçirib. Qazandığı çempionluqlar və kuboklara da məhz bu klubla nail olub.