Türkiyənin “Fənərbaxça” klubunun və Danimarka millisinin müdafiəçisi Simon Kyaer karyerasını “Sevilya”da davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, Əndəlus təmsilçisi ilə İstanbul klubu 28 yaşlı futbolçunun keçidiylə bağlı razılığa gəliblər.
Bu barədə məlumatı hər iki klubun rəsmi saytı yayıb. Kyaer İspaniya klubunun düşərgəsinə yollanıb, tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
İspaniya mətbuatı La Liqa təmsilçisinin danimarkalı futbolçu üçün türklərə 10 milyon avro ödəyəcəyini yazır. “Sevilya” Kyaerlə 4 illik müqavilə bağlayacaq.
Xatırladaq ki, müdafiəçi “Fənərbaxça”ya 2015-ci ildə, 8 milyon avro qarşılığında Fransanın “Lill” klubundan transfer edilib.