“Biz evdə daha təhlükəli oluruq. İrəli getmək istəyirik, lakin "Atletiko" ilə matçın çətin olacağına dair özümüzə hesabat veririk”. 

Futbolinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Dani Kintana İspaniyada “Atletiko” ilə keçirəcəkləri Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin 4-cü tur matçı ərəfəsində yerli mətbuata açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi həmvətənləri ilə söhbətində Azərbaycandakı həyatından söz açıb. O bildirib ki, Bakıda çox yaxşı yaşayır: “Bəxtim gətirdi ki, Polşaya yollandım. İndi isə Azərbaycanda çox yaxşı yaşayırıq. Polşalı həyat yoldaşımla birlikdəyəm. Bakıdakı mühit futboldan kənar həyat tərzi sürməyimizə kömək olur. Orada bizə kral kimi yanaşmasalar da, hər şey çox yaxşıdı. Küçədə problemsiz gəzirik. Polşaya yollanmaqla həyatım bütün istiqamətlərdə dəyişdi”.

İspaniyalı oyunçu “Atletiko”nun ev oyunlarını keçirdiyi yeni arenasının – “Metropolitano” stadionunun möhtəşəmliyinə diqqət çəkib. O, Madrid təmsilçisinin ÇL-də çıxış edən güclü kollektivlərdən biri olduğunu söyləyib.

Qeyd edək ki, Dani Kintana karyerasına "Valensiya”nın əvəzedici komandasında başlayıb. İspaniyalı yarımmüdafiəçi vətənində "Pusol”, "Ontenyente”, "Alsiru”, "Rasinq”, "Urakan”, "Olimpik” və "Ximnastik” klublarında da çıxış etsə də, heç vaxt "Atletiko”ya qarşı forma geyinməyib. 2015-ci ildən Ağdam təmsilçisinin uğurları üçün çalışan 30 yaşlı futboçu Polşanın “Yagelloniya” və Səudiyyə Ərəbistanının “Əl Əhli” komandalarında da oynayıb.

Shares: