AFFA 2017-ci ilin son günlərində bəzi statistik məlumatları açıqladı. Qurum rəsmi saytında təşkil etdiyi U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17, Gənclər və Region, həmçinin qızlardan ibarət komandalar arasında keçirilən U-13, U-16 və Yüksək liqalarında cari mövsümün qış fasiləsinə qədər baş tutan matçların hesabatını paylaşdı.
Bəlli oldu ki, 2017/18 mövsümünü ilk yarısında ümumilikdə 641 komanda, 10940 oyunçu qeydiyyatdan keçib. Onlardan 4171 (38 %) nəfəri futbola yeni cəlb olunublar. Qalan 6769 (62 %) oyunçu isə əvvəlki illərdə qeydiyyatdan keçənlərdi.
Normal statistikadı və ümumi məlumat mənbəyidi. Ancaq gözəl görüntü ilə reallıq arasındakı fərqi yalnız ən diqqətli oxucu/azarkeş tuta bilər.
AFFA yenə də keyfiyyəti deyil, kəmiyyəti gözə soxur. Yarım mövsüm ərzində 10940 oyunçu qeydiyyatdan keçibsə, nəyə görə milli komandalarımızın baş məşqçiləri heyəti müəyyənləşdirmək üçün milliləşən axtarır? Və ya bu qədər futbolçumuz varsa, nəyə görə əsas yığmada qapıda, müdafiənin mərkəzində və solunda yüksək səviyyəli 2 nəfər yoxdu? Deməli, bu statistika yalandan baş aldatmaq üçündü və qondarma rəqəm olan 10940 yalnız kəmiyyətin göstəricisidi.
Statistikada fəxrlə qeyd olunan 38 faiz əslində, elə AFFA-nın özünü ifşa edir. Yarım mövsüm ərzində bu qədər yeni oyunçu üzə çıxırsa, qeydiyyatdan keçirsə, indiki rəhbərliyin hakimiyyətdə olduğu 10 ildə fantastik inkişaf olmalı, daş atanda futbolçuya dəyməliydi. Bəs, niyə belə deyil?
STOP! Biz də AFFA-nın rəsmi hesabatlarına əsaslanaraq son illərə diqqət yetirək. Qurumun nişan verdiyi Uşaq və Gənclər Liqaları, Qızlar liqası və Həvəskarlar liqasını (bu ildən Region Liqası hesablanır) hədəf götürüb hesablayırıq.
2015/16
Uşaq və Gənclər Liqaları – 9147
Qızlar liqası – 1120
Həvəskarlar liqası – 802
CƏMİ: 11069
2016/17
Uşaq və Gənclər Liqaları – 9507
Qızlar liqası – 815
Həvəskarlar liqası – 177
CƏMİ: 10499
Beləliklə, 2015/16 mövsümündə 11069, 2016/17-də 10499 və 2017/18-də 10940. Bəs, 38 faizlik artımdan danışırıqsa, bu, ümumi göstəricilərdə niyə əksini tapmır? 4171 nəfər futbola yeni cəlb olunubsa, ötən ilin göstəricilərini cəmləyib 14670 futbolçunun olduğunu, müxtəlif yarışlarda iştirak etdiyini yazmalı idik. Lakin bu göstərici 10940-a bərabərdi. Deməli, 3730 nəfəri də itirmişik. Bəs, AFFA-nın baş katibi Elxan Məmmədov itirilmiş, məhv edilmiş 36 faizi niyə gizlədir? Axı, təhsildən axsadılan, bacarıqsız müəllim/məşqçilərin, təşkilatçıların, AFFA işçilərinin sayəsində futbolçu da ola bilməyən, taleyin ümidinə buraxılan 3730 nəfərin də həyatı məhv edilib.
Statistikada daha bir maraqlı məqam Peşəkar Futbol Liqasının təşkil etdiyi yarışların, eləcə də Həvəskar liqasının ümumi statistikaya salınmamasıdı. Statistika yalnız uşaq liqalarına həsr olunsaydı, bunu başa düşərdik, lakin Region Liqası da cədvəldədisə, deməli, böyüklər də nəzərə alınmalıydı. Premyer Liqa, I divizion və əvəzedicilərin yarışı “yaddan çıxsaydı”, bunu Elxan Məmmədovun PFL prezidenti Ramin Musayevi kənarda qoymaq istəməsi cəhdi kimi anlayar, yalnız AFFA-nın özünün təşkil etdiyi yarışları gözə soxması kimi anlayardıq. Lakin Musayevə dəxli olmayan Həvəskarlar Liqası da siyahıda yoxdusa, deməli, səbəb başqadı.
Səbəbi kənarda axtarmayaq. Bu liqalar da bilərəkdən unudulub. Bildiyiniz kimi, Premyer Liqa, I division, əvəzedicilərin yarışı və Həvəskarlar liqasında komanda, deməli, həm də futbolçu sayı ötən illərlə müqayisədə azalıb. Bu yarışlar nəzərə alınsaydı, AFFA 38 faizlik artımla öyünə bilməyəcəkdi. Elə bu səbəbdən sözügedən yarışları “gizlətmək” məsləhət bilinib.
Gördüyünüz kimi, milli komandalardakı məlum dəyişikliklərdən sonra ölkə futbolunda hakim mövqeyi laxlayan Elxan Məmmədov belə rəqəm oyunları ilə işgüzar imicini bərpa etməyə çalışır. Amma onun bütün fəaliyyəti saxta rəqəmlərdən ibarətdi. 10 ildi ölkə futbolunu bataqlıqda sürüyən, istedadlı uşaqları məhv edən, bacarıqsız qohumu Yusif Vəliyevi ən strateji vəzifələrdən birinə təyin etməklə sabahımıza balta çalan baş katibin fəaliyyətinə 2018-dəki ilk konfransdaca qiymət verilməsi vacibdi.
FƏRİD