2017 həm də AFFA-nın yaranmasının 25 illiyi ilə əlamətdar oldu. 1992-ci ilin martında bünövrəsi qoyulan assosiasiya yubileyini qeyd etdi.
 
Maraqlıdı ki, qurum rəhbərliyinin başı necə qarışmışdısa, yubiley 9 ay sonra – dekabrın əvvəlində yada düşdü. AFFA il bitməmiş tədbir keçirməyi planladı, ssenari cızıldı. Tarix müəyyənləşmişdi, bir sıra addımlar atılmışdı.
 
Amma dekabrın 20-ə planlaşdırılan tədbir bir günün içində ləğv edildi. Göstərilən tarixdə yubiley məclisi olmadı, yalnız İcraiyyə Komitəsinin iclası keçirildi.
 
Xəbəri dəqiqləşdirmək və ləğvetmənin səbəbini öyrənmək üçün qurumun mətbuat katibi Firuz Abdulla ilə əlaqə saxladıq. Lakin o, qısa danışdı: “Yubiley tədbiri nəzərdə tutulmuşdu. Lakin rəhbərlik son məsləhətləşmədən sonra tədbiri ləğv etdi. Bundan əlavə bir şey bilmirəm”.
 
Təbii ki, Firuz bəy müəyyən məsələlərdən xəbərdardı. Lakin onun da mətbuata açıqlaya biləcəyi bu qədərdi. Bizim bildiyimizə görə isə katiblik tərəfindən keçirilməsinə qərar verilən tədbir prezidentin istəyi ilə ləğv edilib.
 
Katibliyin daha yüksək rəhbərlikdən xəbərsiz təyin etdiyi, hazırlaşdığı mərasimin planı da hazır imiş. Bir çox futbol adamlarına dəvət göndərilib, xüsusi döş nişanları, hədiyyələr hazırlanıb. Hətta bir neçə teatrallaşdırılmış səhnə üçün rejissor da tutulub və ona qonorar ödənilib. Bir sıra tarixi oyunların iştirakçıları həmin matçlardan fraqmentləri xatırladan epizodları canlandırmalıymış. Portuqaliya ilə heç-heçə zamanı Bakıda vurulan qol, İsveşrə üzərində qələbə və s.
 
Artıq qeyd etdiyimiz kimi, tədbirin ləğv olunması ilə ssenari də pozulub və AFFA hazırlatdığı xüsusi döş nişanlarını və müxtəlif hədiyyələri qurumun yaranmasında, fəaliyyətində xidmətində olan şəxslərə göndərməklə kifayətlənib.
Shares: