"Qəbələ" yayda alıb, bu gün vidalaşdığı Deyv Bultuisə görə ziyana düşməyib. 28 yaşlı hollandiyalı müdafiəçi sərbəst buraxılmayıb, satılıb.
 
Futbolinfo.az xəbər verir ki, Almaniyanın "Nürnberq" klubundan transfer olunan Deyv yalnız Avropa Liqasında komandaya kömək etdi. Premyer Liqada limit üzündən təsadüfi hallarda meydana çıxan futbolçudan məşqçilər də narazı idi. Cəmi 4 çempionat matçına çıxan futbolçu ilə 3 illik müqavilə bağlandığından onun gedişi böyük kompensaiya hesabına başa gələcəkdi.
 
Lakin “Heerenven” Deyvə müştəri çıxdığından “Qəbələ” vidalaşmaq istədiyi oyunçuya görə xərcə düşməyib. 2020-ci ilin yayına kimi müqaviləsi olan futbolçu Hollandiya klubuna satılıb. Transfer məbləği açıqlanmasa da, “qırmızı-qaralar”ın futbolçuya görə ödədiyin böyük hissəsini geri aldığı deyilir.
 
“Heerenven” hazırda Hollandiya çempionatında 18 komanda arasında 9-cu pillədə qərarlaşıb. Bultuis əvvəllər bu ölkədə "Utrext" klubunda oynayıb.
Shares: