Mart Azərbaycan yığmaları üçün hərəkətli keçdi. Əsas milli və U-19 yoxlama görüşlərində qüvvəsini sınayıbsa, U-21 Avropa çempionatının seçmə mərhələsi, 17 yaşadək qızlardan ibarət komandamız isə qitə birinciliyinin elit-raundu çərçivəsində oyunlar keçirdi.

Ancaq bu, mətbuat və azarkeşlər üçün görünən tərəfdi. Sən demə, oğlanlardan ibarət U-17 yığmamız da bu ayı boş keçirməyib. Böyükləri kimi, yeniyetmələr də qalibiyyət üzü görməyiblər.

Antalyada təlim-məşq toplanışı keçən Ramin Quliyevin kollektivi orda olduğu müddətdə 2 yoxlama görüşündə qüvvəsini sınayıb. Əvvəlcə “Alanyaspor”un U-19 komandası ilə matçda 2 cavabsız qolla yenilən millimiz “Antalyaspor”dakı həmyaşıdlarına 2:4 hesabı ilə məğlub olub.

Maraqlısı burasındadı ki, AFFA-nın rəsmi saytında son olaraq martın 18-dən 23-dək təlim-məşq toplanışı olacağı və Türkiyəyə aparılacaq heyət yazılmışdı. Adətən, belə hallarda yoxlama görüşlərinin keçiriləcəyi, rəqiblər və oyunların tarixləri də qeyd olunardı. Ancaq budəfəki məlumata əsasən, belə qənaətə gəlmək olardı ki, U-17 orda yalnız məşqlər etməli idi.

Nəticələrin gizlədilməsi Azərbaycan futbolunun köhnə xəstəliyidi. Xüsusən də, AFFA-nın keçmiş prezidenti Fuad Musayevin dövründə aşağı yaş qrupu üzrə yığmaların ölkə xaricindəki yoxlama görüşlərinin nəticələri açıqlanmazdı. Təbii ki, məğlubiyyətlər olduğu zaman.

Görünür, U-17-nin martdakı toplanış çərçivəsində keçirdiyi oyunların da nəticəsini açıqlamaq məsləhət olmayıb. Maraqlıdı, yığmamız qələbə qazansaydı, milli komandaların mətbuat xidməti yenə eyni addımı atacaqdı? ("Apasport")

Shares: