“Çalışmışam ki, hər zaman səmimi danışım. Qurban Qurbanov milliyə baş məşqçi təyin ediləndə aramızda belə söhbət baş verdi. Mənə bildirdi ki, istəyirəm ki, milliyə geri dönəsən. Yığmanın içində olmağımı istədi. Qurban müəllimə dəvətinə görə təşəkkür etdim və bildirim ki, qərarımı vermişəm, milli karyeramı bitirdiyimi dedim. 10 dəqiqəlik aramızda söhbət olmuşdu”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi, "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov deyib. "CBC Sport" telekanalında yayımlanan "III hissə" verilişinin qonağı olan təcrübəli futbolçu milliyə qayıtması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. O, lazım olacağı halda milli karyerasını bərpa edəcəyini deyib:
“Qurban Qurbanov açıqlamasında “Lazım gələrsə, Rəşad Sadıqov milliyə qayıdacaq” deyib. Mən daha öncə də vurğulamışam ki, əgər çətin vəziyyət yaransa, cəzalı, zədəli müdafiəçilər olsa, həmin an geri dönməyə hazıram. Normal formada olduğum zaman faydam dəyəcəksə, oynayaram. “Lazım olsa, mən həmişə hazıram” demişəm, indi də söyləyirəm. Lazım gəlsə, U-16 və U-17-də də işləyərəm. Ətrafımda məni tanıyanlar bilir ki, harda lazımamsa, gedib çalışacam. Bütün karyeramız ərzində məşqçi və futbolçu kimi belə olmuşuq. Hətta dost kimi də kimə lazımamsa, yanında olmuşam. Bu məsələ belə yerdədir. Yaxın vaxtlarda mən belə şeyin baş verəcəyini görmürəm. Bədavi Hüseynov bərpa müddəti keçir. İnşallah, tam sağalandan sonra, Qurban müəllimin əlində çoxlu variantlar olacaq və bu söhbətə də heç ehtiyac duyulmayacaq”.
Sadıqov mövsümün sonunda karyerasını başa vurmaq niyyətində olmadığını sözlərinə əlavə edib: “Əvvəlcə də bildirmişdim ki, daha bir il oynamaq istəyirəm. Hansısa zədə olmasa, gələn mövsüm də meydanlarda olacam”.
“Qarabağ”ın kapitanı millinin baş məşqçisi Qurban Qurbanovun millidə keçmiş komanda yoldaşları olan Elvin Yunuszadəylə Araz Abdullayevin yatıb qalmaları üzündən oyunöncəsi iclasa gecikmələrinə görə adlarının Belarusla yoldaşlıq görüşünün iştirak ərizəsinin salınmamasını doğru qərar sayır: “Elvinlə Arazın hər ikisini xətrini çox istəyirəm. Özləri də bilirlər. Qurban Qurbanov ani qərar qəbul edib. Şəxsən mən də belə düşünürəm ki, millimizin baş məşqçisi düzgün qərar verib. "Hər kəs də düşünməlidi ki, keçmişdə olan boşluqlar daha olmayacaq. Artıq bütün fikrimizi hamılıqla ona verməliyik ki, millidə böyük uğurlar olsun, uğurlu işlər görək, böyük işlər görək. Bir tsikldə 1-2 oyun qalib gələk, mükafatımızı aldıq getdik, yaxşı müqaviləmizi bağladıq. Yox, böyük düşünək – qrupdan çıxaq, yaxşı nəticələr verək, transfer olaq, yaxşı müqavilələr imzalayaq. Qurban Qurbanov bu addımlarıyla, açıqladığı heyətlə hamını məcbur edir ki, artıq böyük düşünün. Yoxsa planlarımdan kənar qalacaqsınız. Bunu açıq şəkildə göstərib. Hər iki futbolçu insan kimi yaxşıdı, müsbət keyfiyyətləri var. Futbolçu kimi də yaxşı potensialları var. Bu qərardan bir dərs, nəticə çıxaracaqlar. Ümid edirəm ki, bir də belə şeylər təkrarlanmayacaq".
Sadıqov "Qarabağ"da birgə oynadığı Yunuszadənin klubda da cəzalandırılmasını xatırladığını açıqlayıb: "Böyük ehtimal bir daha təkrarlandığına görə Qurban müəllim onu bağışlamadı. Ancaq Araza daha bir şans verdi. Bunun da səbəbləri var, özbaşına deyil. Bizdə belədi ki, insanlara şübhə ilə yanaşırıq. Bu gün Qurban Qurbanovun qərarına şübhə ilə yanaşırıqsa, kimə inanacağıq? Mən bunu bilmirəm. Niyə özümüzün əldə olan bəzi insanları əldə saxlamırıq? Allah-təala bizim futbola Qurban Qurbanov kimi məşqçi verib. Bunu əldə saxlayaq da. Qıraqda olsam, bu proseslərdə iştirak etməyən bir insan kimi fikirləşərəm ki, nəsə var, belə qərar verilib. Baş məşqçi nəsə bilir ki, belə edib. Hər şeyi mətbuata açıqlamaq olmur ki… Elvini nə qədər pul cəriməsi edib, nə qədər "18-liy"ə salmayıb, bu, neçənci dəfədi, Arazla ilk tanışlığı, ilk təlim-məqş toplanışıdı, aralarında nə söhbət olub – hamısını açıqlamaq olmur axı. Belə düşünürəm ki, baş məşqçiyə etimad göstərməliyik, inanmalıyıq. Bundan sonra nələrəsə ümid bəsləməliyik. Qurban Qurbanov gecə-gündüz çalışır ki, ədalətli olsun, futbolçulara, futbol ictimaiyyətində, onun ətrafında olan insanlara qarşı haqlı qərarlar qəbul etsin. Biz də ona şübhə ilə yanaşırıqsa, bu, istər-istəməz psixoloji cəhətdən təsir edəcək. Nə qədər güclü insan da, öz-özünə fikirləşəcək ki, nə qədər əziyyət çəkirəm, çalışıram düzgün olum, düzgün mövqe tutum, ancaq insanlar sanki xırda bəhanə axtarırlar ki, tənqid etsinlər".
Sadıqov milli karyerasında gecikmə halının olmadığını bildirib: "U-21-də toplantmız oldu və 1-2 futbolçu 2 dəqiqə gecikmişdi. Onlara dedim ki, Ramil Şeydayev 3 ildi mənimlə birgə millidə oynayır. Toplanışdan sonra ona sual verərsiniz ki, heç Rəşad olubmu geciksin? 5-də deyirlər, 5-ə 10 dəqiqə qalmış ordayam. Hər yerə çalışıram ki, birinci gəlim. Həm istəmirdim ki, özümə söz gəlsin, həm də istəmirdim ki, diqqətsiz olum. Həmişə beləyəm, toplanış vaxtı, xüsusilə də oyun günlərində neçə "budilnik" qoyuram, neçə dəfə də komanda yoldaşlarımı xəbərdar edirəm ki, 10-15 dəqiqə qamış məni oyadarsınız. Hər ehtimala qarşı ki, birdən yatıb qalaram. Bu, ola bilər, insandı da, yuxusu gəldi, yatıb qaldı. Şükür Allaha ki, millidə belə şey olmayıb. Klubda olub. Dəqiq xatırlamıram, ancaq ola bilməz ki, olmasın, harasa gecikməyim. Sadəcə, qərəzli, davamli şəkidə olsun, belə şey olmayıb”.
Qış fasiləsində "Qarabağ"dan ayrılaraq Çinin "Hançjou Qrintaun" klubuna keçən Dino Ndlovu keçidindən sonra Ağdam klubunda qalmaq istədiyini, lakin baş məşqçi Qurban Qurbanovun onu heyətdə saxlamaq həvəsində olmadığını demişdi. Bu məsələ ilə bağlı "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Dinonun təklif aldıqdan sonra fikirlərinin dəyişdiyini və Çingə getmək üçün hay-küy saldığını bildirmişdi. Cənubi afrikalı forvard bu gün ölkə mətbuatına açıqlamasında yenidən özünü müdafiə etmişdi.
Sadıqov bu haqda növbəti açıqlama vermək məcburiyyətində qalıb: “Komanda yoldaşlarımla bağlı açıqlama verməmişdim. 36 yaşımda buna məcbur olub etmişdim. Çünki kənarda söz-söhbətlər var idi. İstəmədim desinlər ki, “Qurban Qurbanov və “Qarabağ” belə bir hücumçunu əlindən buraxdı”. O da pula görə getdi. Karyerasında ən qazanclı mövsümü keçirmişdi. Çempionlar Liqasının qrupuna düşmüşdük. Rəhbərlik də onun getməsinə və təklifə müsbət yanaşmırdı. Nə demişəmsə, arxasındayam sözümün. Komanda daxilində Dinonu yaxşı biri kimi tanıyırdıq. Hər zaman qaynayıb-qarışırdı. Ancaq təklif alandan sonra başqa cür oldu. Bir çox futbolçular var ki, təkliflərdən sonra dəyişirlər. Əlbəttə, bizə də təkliflər olur. Ancaq danışmağın da müəyyən dərəcəsi var. Əgər səni buraxmırlarsa, qalmalı və formanın haqqını verməlisən. Necə oldu ki, Dino getdi? 750 min avro “Qarabağ” üçün böyük məbləğ deyil ki. Əgər 5-6 milyonluq təklif olsa, satıb 5-6 futbolçu almağa dəyər. Ancaq bu məbləğdə tapmaq çətindir. Reynaldonu vaxt olub ki, 3 milyon avroya buraxmamışıq. Biz Dinonu buraxmırdıq. Bəs necə oldu ki, getdi? Nə baxş verdi? Kim belə hücumçunu buraxmaq istəyirdi? Özü də qışda futbolçu tapmaq daha çətindir. Onun da fikirlərini başa düşürəm. İstəmir ki, burda haqqında başqa cür fikirləşsinlər. Ağıllı legioner hər zaman düşünür ki, yenidən bir gün həmin ölkəyə geri dönə bilər”.