“Neftçi” yeni mövsümün komandasını qurmaq üçün axtarışlara başlayıb. “Ağ-qaralar”ın idman direktoru Ceyhun Sultanov əməli iş görür və hədəfdəki futbolçuları müəyyənləşdirir.
 
Baş məşqçi Tərlan Əhmədovun komandada qalıb-qalmayacağı dəqiq deyil. Ona görə də rəhbərlik transfer planlarını cızarkən onunla məsləhətləşmir. Çalışdırıcının taleyi daha çox avrokuboklara vəsiqə qazanmaqdan asılıdı və komandada qalmaq ehtimalı olduqca azdı. Ona görə də rəhbərlik öz seçimlərinə güvənir.
 
Əslində, bu durum anormal görünür – baş məşqçinin fikrini öyrənmədən iş görmək yaxşı hal deyil, amma həm də anlaşılandı. Ona görə ki, Əhmədovun qışda transferinə razılıq verdiyi futbolçular, xüsusilə də legionerlər ümidləri doğrultmadı. Onların hətta heyətə düşə bilməməsi seleksiya işinin düzgün aparılmadığının göstəricisidi. Belədə çalışdırıcının rəyinin nəzərə alınmaması, transferlərdə fikrinin soruşulmaması qəribə görünməməlidi.
 
Klub rəhbərliyi ilk olaraq heyəti lazımsız futbolçulardan təmizləməlidi. Bunlar isə menecer Kamil Məmmədovun qışda komandaya sırıdığı 3 legionerdi. Mayk Kampas, Xavyer "Qato" Qarsiya Fransisko və Lukas Emanuel Qomeslə yollar ayrılacaq. Keçidi qalmaqalla müşaiyət olunan və aldığı yüksək məvacib qarşılığında heyət üzü görməyən Kampas ilk qovulan olacaq, ardınca digərləri də yola salınacaq.
 
Minimum 2 mərkəz müdafiəçisi alacaq “Neftçi” hazırda heyətdə olan Kiril Petrovu yola salacaq. Əhmədovun böyük ümidlərlə yanına çağırdığı İlkin Qırtımov da klubunu dəyişməli olacaq. Eyni zamanda hazırda “Səbail”də olan Fəhmin Muradbəyli geri qaytarılmayacaq. Onunla müqavilə müddəti uzadılacaq, sonra yenidən Bayıl təmsilçisinə icarəyə veriləcək.
 
Bu təmizləmələrdən sonra “Neftçi” yeni transferlərin heyətə cəlb edilməsinə başlayacaq. Səviyyəli legionerlərin gətirilməsini planlaşdıran klubun kimi seçəcəyi daha çox yerli bazardakı fəaliyyətindən asılı olacaq. Hansı mövqedə boşluq olarsa, məhz ora əcnəbi alınacaq.
 
Hələlik yalnız yerli bazara diqqət edən “Neftçi” bəzi oyunçularla təmasa keçib. Sultanov “Sumqayıt”dan tanıdığı Cavid İmamverdiyevlə Tural Axundovu yeni klubunda da görmək istəyir. Uğurlu oyunları ilə əsas milliyə çağırılmış bu cütlük də daha iddialı klub sorağındadı. Bu baxımdan daha yüksək maaş təklif edən “Neftçi” vazkeçilməzdi.
 
2014-cü ildə "Neftçi"dən ayrılan Cavidin dönüşü demək olar, həllini tapıb. Sadəcə, mövsüm başa çatmalıdı. Tural da “Neftçi” rəhbərliyinə razılıq verib və bundan Sumqayıt klubunun da xəbəri var.
 
Ramil Şeydayevin “Neftçi”yə gələcəyi ilə bağlı deyilənlər də boşuna deyil. “Trabzonspor”a məxsus olan futbolçu icarədə olduğu “Qarabağ”da heyətə düşə bilmir və bakılıların təklifini qəbul etmək niyyətindədi.
 
Qısası, “Neftçi”də böyük islahatlar gözlənilir. Və son illər ilk dəfədi ki, planlaşdırılan addımların kluba xeyir verəcəyi görüntüsü var. Təki yanılmayaq…
 
FƏRİD
Shares: