Topaz Premyer Liqasının cari mövsümündə ilk 19 oyuna 31 xal toplayan, kubokda yarımfinala kimi irəliləyən “Sumqayıt” 1 aydı düşüşdədi. Son 6 oyuna 8 xal və kubokda 1 məğlubiyyətlə 1 heç-heçənin sayəsində avrokuboklara yollanmaq ümidləri xeyli azalıb.
 
Düzdü, bu müddətdə Samir Abasovun yetirmələri turnir cədvəlində 1 pillə irəliləyib. Lakin bu, “Sumqayıt”ın uğurunun deyil, “Zirə”nin daha faciəvi durumda olmasının nəticəsidi. “Qartallar” 2018-də, ümumiyyətlə, qələbə üzü görməyib və rəqiblərini özündən irəli buraxıb.
 
Bu geriləməyə bir çox səbəb tapmaq olar. Heyət yetərsizliyi, yorğunluq, futbolçulara gələn təkliflərin onların fikrini yayındırması, baş məşqçinin taleyinin müəmmalı qalması və s. Eyni zamanda klubda baş verən dəyişikliklər də sıradan olay deyil. Hazırda Samir Abasov ortada tək qalıb və komandanın bütün yükü onun çiyinlərindədi.
 
“Sumqayıt” tramplinə çevrilir. Klub prezidenti Kamran Quliyev, menecer Ceyhun Sultanov “Neftçi”yə getməklə bir “level” yüksəldi. Bu, elə bir çağırış idi ki, hətta klubda görülən böyük işlər də yarımçıq qoyuldu, Bakıda məskunlaşmaq lazım bilindi. Ardınca klubun sponsoru olan “Azərkimya”nın rəhbəri Muxtar Babayev nazir təyin olundu. Futbolçuların millilərə kimi yüksəlməsi, daha iddialı klublardan dəvət alması da komandanın daha yaxşı çıxış etdiyi mövsümə təsadüf etdi. Yəqin ki, yayda Abasov da hamının atıb getdiyi “Sumqayıt”dan ayrılacaq.
 
Kəsəsi, hamı qaçmağa başlayıb və bu, nəticələrə ciddi təsir göstərir. Klubun yeni prezidenti Riad Rəfiyev isə xaosun qarşısını alacaq yaşda və bacarıqda biri deyil. Onun səriştəsizliyi üzündən kollektivi toparlamaq olmur. Son 6 oyunda qazanılan 2 qələbə, edilən 2 heç-heçə və evdə alınan 2 ardıcıl məğlubiyyət məhz onun hesabındadı. Martın 12-dən bu vəzifəni icra edən menecer kubokun yarımfinalında ələnmənin də dadını görüb.
 
Köhnə rəhbərlikdən qalan komanda uçuruma doğru gedir və Rəfiyev bunun qarşısını ala bilmir. Fikri satdığı oyunçulardan gələn aylıqlarda qalan menecer-prezident yəqin ki, tezliklə Sumqayıtda daş-qalaq olunacaq. Çünki avrokuboklara bu qədər yaxın olan komandanın tarixi uğuru əldən qaçırmasını tribunaları dolduran azarkeşlər çətin ki, ona bağışlasın.
 
AĞA
Shares: