Sabah AFFA Klublar Komitəsinin növbəti iclası baş tutacaq. Amma hələ də tədbirin gündəliyi açıqlanmayıb.
 
Futbolinfo.az xəbər verir ki, gündəlik müəyyənləşdirilib, əlavələr, təkliflər edilməsi üçün klublara göndərilib. Yekun siyahı bəlli olmadığından hələ də gizli saxlanılır.
 
Elə AFFA İcraiyyə Komitəsinin növbəti iclasının gündəliyi də bəlli deyil. Qurum üzvləri mayda bir araya gələcək. AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdullanın dediyinə görə, İK-nın iclası mayda mütləq baş tutacaq: “Amma dəqiq tarix bəlli deyil. Gündəlik də hələ müəyyənləşməyib”.
 
Gündəliklər açıqlanmasa da, hər iki tədbirdə əsas müzakirə mövzusunun çempionatın reqlamenti ilə bağlı olacağı aydındı. Növbəti mövsümlə bağlı müzakirələr olmalı, çempionatda komanda sayının müəyyənləşdirilməsi istiqamətində mühüm addımlar atılmalıdı. Premyer Liqanı sonuncu pillədə tamamlayacağı rəsmiləşən “Kəpəz”in aqibəti, eləcə də diviziondan neçə komandanın elitaya gələcəyi də bu görüşlərdə aydınlaşmalıdı. İK-nın iclasında taleyi naməlum olan Media Komitəsinin ləğvi barədə rəsmi qərarın verilməsi istisna deyil.
Shares: