“Neftçi” bu gün yay transfer dövrünün son müqaviləsini rəsmiləşdirəcək. Bakılılar növbəti əcnəbi oyunçunu gətirərək heyətin komplektləşməsini yekunlaşdıracaq.
 
Futbolinfo.az xəbər verir ki, bakılılar daha bir hücumçu alır. Qana gənclər millisinin sabiq üzvü Kvame Amponsa Karikari bu gün Türkiyədə kluba qoşulacaq. Müqavilənin son detalları dəqiqləşmək üzrədi və anlaşma üçün hər hansı ciddi əngəl qalmayıb.
 
Xəbəri klubdan təkzib etmədilər. Lakin təsdiq üçün də oyunçunun gəlib, müqaviləni imzalaması lazımdı. Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Neftçi” bununla da transfer bazarlığına son qoyacaq.
 
Son olaraq Qətərin "Əl-Arabi" klubunda çıxış edən futbolçu viza probleminə görə indiyədək yubanıb. 26 yaşlı forvard karyerası ərzində "İnternational Allies", AİK, "Deqerfors", "Balıkəsirspor", "Halmştad", "Hauqesund", "İrtış", "Stal" və "Əl-Marxiya" kimi komandalarda çıxış edib.
 
İstedadlı oyunçunun əsas problemi tez-tez klub dəyişməsidi. 1,90 metr boya sahib hücumçu başla əla oyunu və sürəti ilə seçilir. Onun 11 nömrəli formaya sahib olacağı gözlənilir.

Shares: