İtaliyanın “Roma” klubu heyətinə daha bir yeni futbolçu cəlb edib.
Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Fransanın “Lans” klubunun müdafiəçisi Uilyam Biandanı heyətinə qatıb. Bu barədə “canavarlar”ın rəsmi saytı məlumat yayıb.
18 yaşlı Bianda romalılarla 5 illik müqaviləyə imza atıb. Onun transferi yeni klubuna 6 milyon avroya başa gəlib. Amma gələcəkdə həm futbolçu özü, həm də “Lans” onun “Roma”dakı performansından asılı olaraq, əlavə bonuslar da qazana bilər. Üstəlik, “Roma” qarşıdakı illərdə Biandanı başqa bir kluba satsa, gəlirin 15 faizi Fransa klubuna ödəniləcək.
Xatırladaq ki, “Roma” bu yay daha öncə Ante Çoriç, Brian Kristante, Xavyer Pastore, Davide Santon, Nikolo Zaniolo, Castin Kluyvert, Antonio Mirante və İvan Markanonu transfer edib.