“Səbail”in yeni transferi Tome Kitanovskinin futbolinfo.az saytına müsahibəsi:

– “Səbail”ə gəlişin necə baş tutdu?
– Bir menecer mənə dedi ki, Azərbaycandan belə bir klub var. Bildirdi ki, onların sağ cinah müdafiəçisinə ehtiyacı var. Sonra “Səbail” rəsmi təklif göndərdi və qəbul etdim.

– Azərbaycan çempionatı haqqında məlumatınız var idi?
– Müəyyən informasiyalar var idi. Bilirdim ki, burda yaxşı liqa var və yaxşı klublar təşkil olunub. Stadionlara baxdım və xoşuma gəldi. Bunlar artıq seçimim üçün bəs idi. 

– Çempionata hazırlıq necə gedir?
– Hər şey yolundadır. Ciddi şəkildə hazırlaşırıq. 

– Yəni Premyer Liqaya hazırsız?
– Bizim hələ qarşıda 10 günümüz var. Bu müddətdən istifadə etməliyik. Düşünürəm ki, tam hazır olacağıq. 

– İlk oyununuz səfərdə “Qəbələ”yə qarşı olacaq…
– “Qəbələ” bu mövsüm Avropa Liqasında çıxış edib. Bu onların gücündən xəbər verir. Yaxşı komandadır. Heyətlərində çox keyfiyyətli futbolçular var. Avroliqada uduzmaqlarına baxmayaraq, fikrimcə, onlar əla heyətə malikdirlər. Çətin olacaq.

– Keçmiş klubun haqqında da soruşmaq istərdik. Yazılanlara görə, “Slaven”də çıxış edərkən baş məşqçi ilə aranda böyük problemlər yaşanıb…
– Mənim onunla heç bir ciddi problemim olmayıb. Sadəcə, bir-birimizi başa düşmədik. Mən də getmək istədim və Balkanlardan uzaqda oynamaq fikrində idim. Ona görə də Xorvatiyadan ayrıldım. “Səbail”i sçdim. Bu təklif ən yaxşısı idi. 

– Lakin xəbərdə yazılanlara görə məşqçi səni təhqir edib…
– Bir oyunda məşqçi mənim ailəmi təhqir etdi. Ailəm haqqında çox pis sözlər dedi. Sonradan üzr istədi. Amma artıq hər şey pis idi. Bu barədə geniş danışmaq istəmirəm. 

– Ona görə “Slaven”i tərk etdin?
– Bəli. Dekabra qədər müqaviləm var idi. Amma ayrılmaq qərarı verdim.

Shares: