Tərlan Əhmədov 2 həftəlik fasilə dönəmini boşa verib. Daha doğrusu, millinin oyunlarına görə yaranmış fasilə dönəmində o, “Keşlə”nin hazırlığını düzgün qurmayıb.

Dünən “Qəbələ” ilə matçda aydın oldu ki, Əhmədovun paytaxt klubuna səs-küylü gəlişinin davamı yoxdu. “Qırmızı-qaralar” rəqibini çətinik çəkmədən yenib vəziyyətini yaxşılaşdırdı. Meydan sahiblərinin baş məşqçisi futbolçuları fiziki cəhətdən o qədər yükləmişdi ki, onlar meydanda hərəkət etməyə çətinlik çəkirdi. Qış fasiləsinə kimi cəmi 3 tur qaldığını nəzərə alsaq, bu, yersiz idi.

Bir ay öncə “Qəbələ”nin baş məşqçisi olmaq üçün cəhd edən, vasitəçi göndərən Tərlan bəy sanki bu üsulla komandaya kömək etdi. O, başqa komandaya təyin olunsa da, yenə “Qəbələ”nin qələbəsi üçün hər şey etdi. Futbolçuların yüklənməsi bir yana, yenidən start heyətində gözlənilməz dəyişiklilər bunda rol oynadı. Uğursuz dönəmlərdə ən bərbad oynayan futbolçuların növbəti dəfə start heyətinə qoyulmasının başqa adı yoxdu. Yeni gələnlər yaxşıformada ikən Ebrima Sohna, Andre Klennon kimi lazımsızlara güvənmək məğlubiyyətə hazırlaşmaq demək idi.

Əhmədov oyunu dəyişmək üçün heç nə etməyi bacarmadı, əvəzində mətbuat konfransında yenə başqalarının bostanına daş atmağa, fikir yayındırmağa çalışdı. Bəlkə də bir müddət belə davam edə biləcək. Amma klubun Müşahidə Şurasının sədri Zaur Axundov da çoxdandı söyüş söymür, yəqin tezliklə paltardəyişmə otağına enib, sevimli işi ilə məşğul olacaq. O zaman Tərlanın kimləri hədəfə gətirəcəyi çox maraqlıdı. Axı, o, başqalarını qurban vermək üzrə “ixtisaslaşıb”. Baxmayaraq ki, “Qəbələ”yə məğlubiyyət birbaşa baş məşqçinin səhv seçimlərinin nəticəsi idi.

AĞA

Shares: