Orxan Sadıqlı klubsuz qalıb. “Sumqayıt”la icarə müqaviləsi bitən qapıçı məxsus olduğu “Keşlə”yə qayıtmalıdı. Amma indi paytaxt təmsilçisi ona üz çevirib. Yayda əsas heyət oyunçusu olmaq istəyi ilə bakılılardan ayrılan əlcək sahibi bu gün çırpıb getdiyi qapını aça bilmir.
– “Keşlə”də son durum nə yerdədi?
– Baş məşqçi Tərlan Əhmədovla görüşdüm və dedi ki, sən planlarımda yoxsan, 3 qapıçım var, onlara güvənirəm. Bu, futbolda normal haldı. Məşqçidi qapıçı götürmək istəmir, ehtiyac yoxdu. Peşəkar olmaq lazımdır. Heç nə düşünmürəm, çünki bu, olan şeydi.
– Deyilib ki, özünə klub tap?
– İstəmirlər və normal şəkildə deyilib ki, özünə klub tap. Hazırda bu klubun futbolçusu olsam da, axtarışdayam. Qismət olsa, tapacam və gedəcəm. Alınmasa da, deyilib ki, əvəzedici heyətə gedəcəksən. Mənim üçün fərqi yoxdu, karyeram üçün əvəzedici heyətdə də məşq edib, oyuna çıxacam. Əsas komanda kimi olmasa da, təcrübədi. Hamımzı ordan gəlmişik.
– Təkliflər varmı?
– Klub adı çəkmək istəmirəm, amma təkliflər var. 2 komanda ilə danışıqlar aparırıq. Qismət olsa, onlardan biri anlaşacam. Ad açıqlamağım bir az yaxşı çıxmır. Çünki alınmasa, pis olacaq. Alınsa, deyəcəm.
– Adın “Səbail”lə yanaşı hallanir.
– Danisiqlar gedir. Dəqiq heç nə deyə bilmərəm.
– Səncə, Orxan Sadıqlının bu vəziyyətə düşməsinin səbəbi nədi?
– Mən “Xəzər Lənkəran”dan sonra “Keşlə”də də özümü göstərdim. Sadəcə, “Sumqayıt”dan təklif aldım və oynayacağımı düşündüm. Burada Kamran Ağayev çıxış edirdi. Maliyyə cəhətdən də “Sumqayıt”ın təklifi az idi. Amma oynamaq istəyirdim. Hədəflərim var və onlar üçün irəli addım atmaq istəyirəm. Ora gedərkən mənə verilən vədlərin heç birinə əməl edilmədi. Gedəndən ehtiyatda oturdum. 10-cu oyunda meydana buraxdılar, sonra “Keşlə” ilə matçda qırmızı vərəqə aldım. Şərəfsizlik edib adıma söz-söhbətlər çıxardılar. Halbuki özümə inanaraq getmişdim. Hansı futbolçu maaşının 50 faizinə başqa komandaya gedər, ehtiyatda oturar? Bəzi şeyləri bəlkə də bilmirsiz. Oynamaq üçün bu addımı atdım. Azərbaycan futbolunda düzələsi şeylər var. Əgər bir komanda məni istəyirsə, əvvəlcədən deməlidir ki, səni oynatmağa, yoxsa ehtiyatda oturtmağa alıram. Futbolçu sayını düzəltmək üçün alırlar. “Sumqayıt”a gedəndən sonra futboldan küsdüm. Məşqçilərdən başqa hər kəs bunu gördü. Tamamilə başqa istəklə getmişdim. Ümid edirəm ki, bundan sonra hər şey yaxşı olacaq. Hər işdə bir xeyir var.
CAVAD