"Azərbaycandan olan agent mənimlə əlaqə saxladı və rəsmi təklif irəli sürdü. Nəticədə bura gəldim" – bunu "Səbail"in futbolçusu Enrike Perilyo Moura “Torcedores"ə müsahibəsində deyib.
28 yaşlı müdafiəçi vətəni Braziliya ilə Azərbaycan futbolu arasında müqayisə aparıb: "Çoxlu fərq var. Braziliyada daha intensiv futbol oynayırlar, çoxlu oyun və yarış keçirilir. Azərbaycanda isə 8 komanda var və oyunların sayı çox deyil".
"Sambaçı" "Səbail"in tarixindən və Topaz Premyer Liqasında hazırkı vəziyyətindən də danışıb: "Səbail" 2017-2018 mövsümündə sondan əvvəlki yeri tutmuşdu. Bu mövsümdən isə komanda tam yenidən quruldu və hazırda biz 3-cü yerdəyik. Çempionat bu gün qurtarsaydı, Avropa Liqasına vəsiqə qazanardıq".
Moura hava toplarında mübarizə, fərdi oyun və sürətinin əsas keyfiyyətlərindən olduğunu söyləyib. O, "Səbail" karyerasında ən vacib an kimi hazırda 4-cü pillədə gedən "Sabah" üzərində 4:0 hesablı qələbəni vurğulayıb. Əcnəbi futbolçu Bakı şəhəri barədə xoş sözlər də söyləyib: "Bu şəhər kifayət qədər təhlükəsiz, təmiz və müasirdir. Gündə bir dəfə məşq edir və həftədə bir oyun keçiririk. Hər həftə istirahət günüm olur. Boş vaxtımda həyat yoldaşımla parka gəzməyə çıxıram. Habelə, yeməyə yollanır və Bakının gözəllikləri barədə müəyyən məlumatlar toplayırıq. Bu gün yaxşı maliyyə və ailə sabitliyim var. Bunu hər zaman arzulamışam. Belə imkanları yaratdığı üçün futbola çox minnətdaram".
Lakin braziliyalı müdafiəçi həmvətəni Riçard Almeyda kimi Azərbaycan vətəndaşlığı almaq niyyətində olmadığını açıqlayıb: "Heç vaxt bu barədə düşünməmişəm. Xüsusən ona görə ki, hansısa ölkədə az qalmışam. Komanda yoldaşlarımla da az ünsiyyətdə oluram. Bu, dili bilməməyimdən çox onların daha qapalı olmalarından irəli gəlir".
Qeyd edək ki, Enrike Moura "Səbail" klubu ilə cari mövsüm ərəfəsində 1 + 2 illik müqavilə bağlayıb.