"Zirə" baxışda olan Robin Nqalande barədə qərarını verib. "Malawi-sports"un yazdığına görə, 26 yaşlı hücumçu ilə 1,5 illik müqavilə imzalanıb.
 
Son olaraq, CAR təmsilçisi “Baroka”da çıxış edən malavali Nqalande son 6 ayda klubsuz idi. 2009-cu ildə Əlcəzairdə keçirilən Afrika Gənclər Çempionatında diqqətləri üzərinə çəkən forvard Madrid “Atletiko”su tərəfindən akademiyaya cəlb edilib. İki illik İspaniya macərasının ardından “Bidvest Vist”ə keçən oyunçu icarə əsasında CAR-ın digər klubları “Ayaks Keyp Taun” və “Platinium Starz”da da forma geyinib.
 
Nqalande qış fasiləsində "Baroka"dan "Zirə"yə üz tutan ikinci oyunçu olub. Bakılılar ona qədər botsvanalı vinger Mfo Kqasvaneni heyətə cəlb etmişdilər. "Zirə" dövrələrarası fasilədə həmçinin Bəxtiyar Həsənalızadə, Orxan Sadıqlı, İsmail Fofana və Xulio Sezar Rodrigez Ximenesi transfer edib.
Shares: