"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:4 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
“Xəzər Lənkəran”la oyundan sonra müdafiədəki boşluqlarımızı gördük. Eyni xəttdə oynayan müdafiəçilərimiz qırmızı vərəqə almışdı, cəzalı müdafiəçilərimizin yerini doldura bilmədik. Artıq “Neftçi” PFL-in arzuladığı kimidi. Araz Abdullayevin epizodunda qırmızı var idi? Almeyda Nforun başından vurdu, qırmızı vermədilər. Məqsədləri nədi? Xaqani Məmmədov hakimlərin yüksək səviyyədə olduğunu deyir. “Neftçi”ni bu hala salanlar düşünməlidi. Dünya statistikasında eyni oyunda bir xətt oyunçularının qırmızı vərəqə almasını görməmişəm. Bu gün “Qarabağ” qalib gəldi, əgər çempion olacaqlarsa indidən təbrik edirəm. Ramosun 7 sarı vərəqəsi var idi, birini də bu gün verdilər, gələn oyunda oynamayacaq. Məqsədləri “Neftçi”ni bir neçə il öncəyə qaytarmaqdı. Bizim haqqımız yeyilib. Cəzalı futbolçular bir neçə oyundan sonra qayıdacaq. Boşluqları doldurmaq olduqca çətindi. Kiminsə “Qarabağ”a simpatiyası “Neftçi”dən çox ola bilər. Rəqib 2-0 hesabı ilə öndə idi, qırmızı vərəqəyə ehtiyac var idi? “Neftçi”yə qarşı çox amansızdılar. Deyirlər ki, “Neftçi”ni dartırlar. Belə kömək edirlər? Keçən il də, bu il də bunun şahidi olduq. “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm, Avropada uğurlarımızı təkrarlamağı arzu edirəm. Lənkərandakı uğursuzluqda hakimin rolu 85% idi. “Rəvan”ın son oyununda iki penalti və qırmızı vərəqə verdilər. Bu cür vəziyyəti yaradan da bizim futbol mütəxəssisləridi. Bəzi insanlara futbolun inkişafı lazım deyil. 6 oyunçumun 7 sarı vərəqəsi var idi, onları qorxa-qorxa oynadırdıq ki, cəzalı duruma düşməsinlər. Rəşad Sadiqov çox yaxşı yarımmüdafiəçidi. Oyunboyu istəklə oynayır, ola bilər oyunu alınmasın, insandı, mərkəz xəttdə aparıcı qüvvədi. Əvəzetmələrlə ehtiyatlı olmaq lazımdı. Son oyunlarda Mirhüseyn daha yaxşı təsir bağışlayır, bu gün də qol vurdu. Məşqçi səbrli olmalıdı”.
Shares: