Martın 1-də İspaniyanin paytaxtı Madrid şəhərindəki "Visente Kalderon" stadionunda "Atletiko" klubu ilə Azərbaycan arasında strateji əməkdaşlıq sazişinin müddətinin daha bir il artırılması ilə bağlı təntənəli mərasim keçirilib. Futbolinfo.az xəbər verir ki, mərasimdə çıxış edən Madrid klubunun prezidenti Enrike Serezo bu layihə və ümumilikdə Azərbaycan barədə maraqlı fikirlər səsləndirib.
 
O bildirib ki, bu layihə dünya futbol aləminə yenilik gətirib və ilk dəfə olaraq hansısa bir marka və ya məhsul yox, məhz ölkə təbliğ olunmağa başlayıb. Bu layihə ilə yüz minlərlə insan güclü iqtisadiyyata və qədim mədəniyyətə malik Azərbaycanı yaxından tanıyıb: “Futbol xalqların yaxınlaşmasına xidmət etməklə, dünyada sülhü təbliğ edir. Bizim əməkdaşlığımız  bunun gözəl bir nümunəsidi. Cəmi 1 il ərzində biz Azərbaycanı dünyada layiqli çəkildə tanıtmağa çalışdıq. Bunun nəticəsi olaraq Azərbaycan – İspaniya ticarət palatası yaradıldı”.
 
“Atletiko”nun əsas heyəti ilə Azərbaycana səfərini də xatırlayan klub prezidenti Bakının gözəlliyinə, insanların xeyirxahlığı və mehribanlığına heyran qaldıqlarını vurğulayıb. Sonra “Atletiko” ilə “Bakı” arasındakı əməkdaşlığı əks etdirən videçarx nümayiş olunub.  Daha sonra çıxış edən “Bakı”nın icraşı direktoru Yaşar Seyidov bu layihənin Azərbaycan klubunun və ümumilikdə ölkə futbolunun inkişafına təkan verdiyini diqqətə çatdırıb.
 
Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev Azərbaycan – İspaniya əlaqələrinin bugünkü vəziyyəti barədə danışaraq qeyd edib ki, bu il çox əhəmiyyətli qarşılıqlı səfərlərlə yadda qalacaq. O tədbir iştirakçılarına Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti və idman həyatı barədə məlumat verib. “Land of fire – Azerbaijan” layihəsinin ölkəmiz üçün əhəmiyyətini bir daha nəzərə çatdırıb.
 
Tədbirin sonunda “Atletiko”nun prezidenti, baş məşqçisi, əsas heyəti və Azərbaycanlı qonaqlar klubun rəmzi köynəyini imzalayıblar.
 
Xatırladaq ki, 2013-cü il fevralın 1-də imzalanmış razılaşmaya layihəyə əsasən, “Atletiko”nun oyunçuları sinələrində “Land of fire – Azerbaijan” loqosu ilə sahələrə çıxırlar. Razılaşmaya əsasən, 3 il ərzində azərbaycanlı futbolçular “Atletiko”nun futbol akademiyasında təlimlər və yoldaşlıq görüşləri keçirirlər. Hazırda 16 yaşlılardan ibarət yığmamızın heyəti “Atletiko”nun dəvəti ilə Madriddə təlim-məşq toplanışındadılar.

Shares: