“Səbail” Avropa Liqasına yollanmaq baxımından daha bir önəmli addım atdı. 3-cü dövrənin sonunda uğursuz nəticələr göstərən Bayıl təmsilçisi, yaxınlaşan izləyicilərindən qurtulmaq üçün vacib qələbə qazandı. Dünənki 3 xal “Zirə”nin də ümidlərini alt-üst etdi.
“Qartallar” bu il səfər oyunlarında məğlubedilməzdi. Lakin hər dövrəyə evdə xalsız başlayan komanda bunun əziyyətini çəkəcək. Autsayderlər qrupundan uzaqlaşa bilməmək bir yana, qitə yarışlarına Premyer Liqa vasitəsi ilə getmək də çətinləşdi. 3-cü pilləyə yüksəlmək şansı xeyli azaldı, qalan 6 turda hətta “Qəbələ”yə çatmaq da müşkül olacaq. Ümid kubok mübarizəsinə qalıb.
Amma şənbə matçında “Zirə” qələbə qazana bilərdi. Xüsusilə 2-ci hissədə sərgilənən futbol meydan sahiblərinə ümid vermişdi. Rəqibi öz cərimə meydançasına sıxışdıran Samir Abasovun yetirmələrinə yalnız həlledici zərbə çatışmırdı. İlk hissənin sonlarında buraxılan qolun əvəzini tez çıxan qəsəbə təmsilçisinin ən azı məzğubiyyətsiz oyunlar seriyasını 7-yə çatdırmaq imkanı var idi.
Əslində, “Səbail” də heç-heçəyə razı idi. Əvəzetmələrə baxanda qonaqların müdafiənin qayğısına qaldığı hiss edilirdi. Lakin adi epizodda qələbə qolu da vuruldu. Top cərimə meydançası önündə təsadüfən İlkin Muradovun əlinə dəydi, Şəhriyar Rəhimovun cərimə zərbəsindən sonra isə top oyunçuların arasından keçib tora daxil oldu. Qapıçı Kamal Bayramov bu epizodda qarışıqlıqda başını itirdi, topu görmədi. Bəlkə də onu yanıldan Ruslan Qurbanova görə ofsayd da qeydə almaq olardı. Amma baş hakim mərkəzi göstərdi.
Bu oyuna görə “Səbail”i mövsümün ən bəxtli komandası da saya bilərik. 2 texniki qələbə qazanan “dənizçilər” başqa bir neçə oyunda da belə xallar əldə edib. Lakin 3-cü dövrədə elə “Zirə” ilə oyunu yada salanda fərqli düşünməli olursan. Həmin matçda böyük hesabla qələbə qazanmalı olan bayıllılar heç cür toru silkələyə bilmədi və uduzdu. Həmin oyunda bəxti gətirən “Zirə” dünən bunun əvəzini ödədi.
22-ci turun açılış günündə lider də sevindi. “Neftçi” autsayderlə oynasa da, “ASK Arena”da çətinlik çəkəcəyi şübhə doğurmurdu. İnsaf naminə, “Keşlə” də rəqibinin əsəbləri ilə oynadı. Hətta baş məşqçi Təran Əhmədovun rəqibi dayandırmaq üçün hər şey etdiyini deyə bilərik. Amma oyunçuların fərdi ustalıq səviyyəsindəki fərq nəticəni müəyyənləşdirdi.
Oyun gərgin keçsə də, baxımlı deyildi. Saysız top itkiləri, ardıcıl ötürmə sayının azlığı hansısa komandanın diqtə etməsinə əngəl olurdu. Və belə bir məqamda “Neftçi”nin ən qorxulu silahı – əks-hücum nəticəsini verdi. Təyin edilən penalti həlledici oldu və qalib müəyyənləşdi.
Oyunun taleyini futbolçuların arasındakı ustalıq səviyyəsi ilə yanaşı, Kamran Ağayevin zədələnməsi də həll etdi. Birinci hissədə cərimə meydançasındakı qarışıqlıq zamanı Mamadu Mbodj rəqibini zədələdi. Hər dəfə qolları ilə diqqət mərtkəzinə düşən müdafiəçi bu dəfə kKamranın sol solunu sıradan çıxartdı. O, ofsayddan qol vurarkən Ağayevin oyundan çıxmasını da təmin etdi. Və onu əvəz edən Davud Kərimi sonradan bir neçə səhvlə yadda qaldı, hətta penaltiyə səbəbkar oldu.
Ümumiyyətlə, qalan 6 turda bu qapıçı ilə yola davam etmək çətin olacaq. Minimum 4 aylıq sıradan çıxdığı dəqiqləşən Ağayevi əvəz etməli olan Kərimi “Keşlə”nin son sıralardan qurtulmasında faydalı olmaya bilər. Xüsusilə növbəti turda Sumqayıt sınağı əhəmiyyətli olacaq. Bəlkə də təcili bir qapıçı almaq haqda düşünmək gərəkdi. Komandalara qolkiperlərlə bağlı belə güzəşt edilir.
“Neftçi” sabah “Qarabağ”ın necə oynamasından asılı olmayaraq, turu zirvədə bitirəcək. Komanda “Keşlə” ilə oyunda aşkar üstün görünməsə də, meydan amilini nəzərə alaraq, yaxşı qurtulduğunu deyə bilərik. Roberto Bordinin finala bərabər daha 6 matçı var.
CAVAD