“Sumqayıt” ötən həftəyə damğa vurdu. Hansısa uğuruyla yox, klubdaxili problemləri ilə.
Dünən AFFA İntizam Komitəsinin növbəti iclasında qəbul edilən qərarlardan bəlli olur ki, klubda hər şey qaydasında deyil, ciddi qüsurlar var. Ya idarətmədə yanlışlıqlar mövcuddu, ya da nizam-intizamla bağlı hər şey qaydasında deyil. Bəlkə də başdan-ayağa xaosdu.
Komitənin qərarına əsasən, Gənclər Liqasında “Səbail” – “Sumqayıt” matçının 60-cı dəqiqəsində qonaqların etdikləri onlara baha başa gəlib. “Sumqayıt”ın futbolçusu Elçin Abbasov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Həmin vaxt digər futbolçu Cavidan Abbaszadə hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb ki, bu da onun 4 oyunluq diskvalifikasiyasıyla nəticələnib. Oyunun 84-cü dəqiqəsində “Sumqayıt”ın daha bir futbolçusu – Cəlal Cəbrayılov da hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb və o da 4 oyun cəza alıb. Üstəlik, “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.
Bir komandadan 4 nəfər oyundan qovulursa, hətta baş məşqçi də siyahıdadısa, deməli, klubda heç nə qaydasında deyil. Hətta hakim səhvi varsa da, ona bu qədər aqressiv reaksiya verilməsi doğru deyil. Bu, faktiki bir klubun AFFA-ya üsyanıdı. Klub prezidenti Riad Rəfiyev hakimlərin bariz səhvlərini də malaladığı halda, məşqçisi üsyana başçılıq edir, futbolçularına nümunə olur, onlar da eyni hərəkəti edir. Bu gənclər Aqil bəydən futbol, taktika yox, etiraz metodlarını əxz edirlər.
Əldə etdiyimiz məlumata görə, artıq klubdaxili iclasda bu ölayla bağlı ölçü götürülüb. Həm məşqçi, həm də qırmızı vərəqə alan futbolçularla söhbət edilib, onlar intizam kodeksinə əsasən cəzalanıb.
İntizam Komitəsinin “Sumqayıt”la bağlı çıxardığı digər qərar isə gözlənilməzdi. U-17 Liqasında “Neftçi” İK İB-lə səfər matçında iştirak etməyən “Gənclik şəhəri” təmsilçisi 0:3 hesablı texniki məğlubiyyət alıb. Ona görə gözlənilməz sayırıq ki, sumqayıtlılar uşaq liqalarına həssas yanaşır, indiyədək oxşar hallar yaşanmayıb. Yalnız bir dəfə komandanı oyuna aparan avtobus xarab olduğundan futbolçular matç saatına yetişməmiş və məğlubiyyət almışdı.
Texniki məğlubiyyətin səbəbini klubdan dəqiqləşdirdik və bəlli oldu ki, klub meneceri Fərhad Həsənovun səhlənkarlığı üzündən komanda uduzub. O, oyun saatını səhv salıb, komanda məşqçilərini düzgün məlumatlandırmayıb və yubanıblar. Belədə isə məğlubiyyət qaçılmaz olub.
Təbii ki, peşəkar klubda ən adi yanlışlığa yol verilməməlidi. Sistemli iş qurulubsa, ümumiyyətlə, bir nəfərdən asılılıq olmamalıdı. Amma “Sumqayıt” Fərhad bəyin yaddaş probleminə qurban gedirsə, yeganə günahkar o deyil. Stadionda, klub bazasında bir lövhədə oyun saatları yazılmalı, mütəmadi izlənməli, dəqiqləşdirilməli, məşqçilər də bundan xəbərdar olmalıdı. Bu yoxdursa, deməli, fərdlərdən asılı olan klub günahkardı.
Kluba yeni idman direktoru təyin olunan Hakan Sünal fəaliyyətə avqust ayından başlayacaq. O, hazırda vəziyyətlə tanış olur, seçimlər aparır, gələn mövsümün strategiyasını müəyyənləşdirir. Ümid edirik, bu mütəxəssisin vaxtında belə hallar olmayacaq, “Sumqayıt” peşəkar kluba çevriləcək.
FƏRİD