“Keşlə” transfer bazarının ən susqun komandalarındandı. Premyer Liqada qalacağı rəsmiləşən paytaxt klubu ətrafında bir sıra transfer xəbərləri dolaşsa da, hələlik dəqiqləşən heç nə yoxdu.
 
İndiyədək yalnız Rəşad Əzizlinin keçidi rəsmən açıqlanıb. Emin Mehdiyevin “Keşlə” ilə anlaşdığı, Ruslan Qurbanovun isə şifahi razılıq əldə etdiyi təsdiqlənib. Onlardan başqa kimsənin adını çəkmək olmur. Bir ara İlkin Qırtımovun Tərlan Əhmədovun rəhbərliyi altında oynayacağı deyilirdi. İndi isə bəlli olur ki, nə bakılılar, nə də “Sumqayıt” bu müdafiəçini istəmir, o, “Zirə”də gözləməyə məcburdu.
 
“Keşlə” ilə bağlı ən son xəbər Əli Babayevi istəmələridi. Lakin “Sumqayıt”dan ayrılan israilli ilə də anlaşmaq olmayıb. Yüksək maaş tələbi üzündən dayaq yarımmüdafiəçisi ilə danışıqlar dayandırılıb.
 
Hazırda ən real variant Ruslan Abışovun sabiq komandasına dönüşüdü. “Neftçi”nin kapitanı Vojislav Stankoviçin transferindən sonra indiki komandasında heyətə düşməyəcəyini anlayır, bu səbəbdən getməyə qərar verib. Müdafiəsində problem olan “Keşlə” Ruslanı heyətə götürməyə çalışır. Danışıqlar davam edir və yekun qərar tezliklə veriləcək. Abışov “Neftçi”dən ayrılan kimi məsələ həllini tapacaq.
Shares: