Bu gün həmin gündü. Avropa kuboklarında ilk dəfə mərhələ adlamağımıza səbəb olacaq tarixi qələbədən 20 il ötür. Məhz bu gün İsraildə qazanılan qələbə bir həftə sonra klublarımız üçün siftəyə, ilkə səbəb olacaqdı.
 
20 il – sözün həqiqi mənasında bir igidin ömrü. 1999-cu ildə doğulan uşaqlar indi futbolda özünüsübut dönəmindədi, U-21 yığmamızın üzvləridi. İndi əsas millinin formasını geyən bir çox oyunçu isə məhz həmin ildəki uğurdan təsirlənib, top oyununu seçənlərdi.
 
“Qarabağ” Azərbaycan futbol tarixində xüsusi çəkisi olan klubdu. Müstəqillik dönəmində isə ağdamlılar nəticələriylə seçilməyə, son illərə damğasını vurmağa başladı. Milli çempionatlarda “Neftçi”ylə bərabər daim yüksək dəstədə oynamış iki klubdan biri olan “atlılar” həm də cığıraçandı. Bakılılar ilk qələbəmizin sahibi, qrupa düşən ilk klubumuzdusa, “Qarabağ” mərhələ adlamaqda siftə edən, Çempionlar Liqasının qrupuna düşən birinci təmsilçimizdi.
 
“Qarabağ” tarixən kubok komandası kimi tanınıb. Söhbət heç də ağdamlıların ölkə kubokunu qazanma sayından getmir, ağdamlılar cüt oyunlara həmişə fərqli yanaşıb, ümumi qalib olmağın yollarını yaxşı biliblər. İki oyunun nəticəsinə görə mərhələ adlamaq baxımından “atlılar”ın böyük təcrübəsi var.
 
Elə indi də avrokuboklarda ardıcıl 5 dəfə qrupa yüksəlməyin başqa adı yoxdu. “Qarabağ”da sanki bir ənənə var və hədəfə çatmaq üçün toparlana bilir, motivasiya olurlar. O zaman da belə olmuşdu.
 
77664 - Futbolinfo.az
Müşfiq və Yaşar Hüseynov qardaşları
 
1999-cu ilin yayı. Başıqapazlı Azərbaycan klublarından yeni mövsümdə də heç nə gözlənilmir. İlk mərhələdəcə dayanmasına adət etdiyimiz təmsilçilərimiz özü də Avropa klubları ilə ayaqlaşa bilmədiklərini anlayır, sadəcə, xoş xatirə kimi belə matçlara çıxır, beynəlxalq təcrübə qazanmaqla yanaşı, imkan daxilində abırlı hesabla uduzmağı planlayırdılar.
 
Həmin mövsüm yalnız 3-cü dərəcəli yarış sayılan İntertoto kubokuna vəsiqə qazanmağı bacaran “Qarabağ”ın vəziyyəti pis idi. Legionersiz komanda kiçik məbləğli maaşla qane olan yerli futbolçularla kifayətlənmişdi. Əsasən Qarabağ bölgəsindən olan oyunçuları komandaya təkcə qazanc yox, daha çox mənəvi amillər bağlayırdı. Müşfiq Hüseynov, Yaşar Hüseynov, Səttar Əliyev və başqaları əbədi bağlı olduqları klubda idi.
 
İlk rəqib İsrail təmsilçisi, adlı-sanlı Hayfa “Makkabi”si idi. Püşkün nəticəsi bəlli olan kimi hamının qol-qanadı qırılmış, əli hər yerdən üzülmüşdü. Amma…
 
…Amma rəqib düşərgədə fərli əhval-ruhiyyə var idi. Azərbaycan təmsilçisi onlar üçün hədiyyə sayılırdı. Bu səbəbdən israillilərin matça arxayın hazırlaşması, daha çox növbəti mərhələdəki komandanı düşünməsi normal sayılırdı. “Qarabağ” futbolçuları isə özləri də inanmaya-inanmaya sürprizə hazırlaşırdı.
 
(davamı olacaq)
 
FƏRİD
Shares: