İlk oyun iyunun 19-da, Hayfada baş tutdu. Matçı cəmi 1200 azarkeşin izləməsi də təsadüf deyildi – israillilər zəif rəqibin oyununa baxmağı lazım bilməmişdi. Bolqarıstanlı baş hakim Anton Quenovun final fitindən sonra isə bütün Avropa şoka düşəcəkdi.
“Qarabağ” ilk matça bu heyətlə çıxmışdı: Vurğun Quliyev – Səttar Əliyev, Elşad Əhmədov, Vasif Haqverdiyev, Zaur Qarayev – Vüqar Quliyev, Vəli Hüseynov, Elmir Xankişiyev (Alim Qurbanov, 76), Təbriz Həsənov – Müşfiq Hüseynov, Yalçın Bağırov (Yaşar Hüseynov, 82).
Baş məşqçi Böyükağa Ağayevin yetirmələri fasiləyə Müşfiq Hüseynovun sürpriz qolu ilə qalib yollandı. 27-ci dəqiqədə fərqlənən hücumçu bir də oyunun son saniyələrində fərqlənəcəkdi. 2:1 hesabıyla qələbəmizlə bitən matçın 78-ci dəqiqəsində rəqibin hesabı bərabərləşdirməsi bir az təşviş yaratsa da, futbolçular oyundan qopmamışdı.
O dövr üçün fantastik nəticə idi – ağdamlılar Bakıda qəhrəman kimi qarşılanmışdı. Klub prezidenti Yunis İldırımzadə uğur sahibi olan ilk sponsor olmaq üçün önəmli addım atan futbolçularıyla birgə sevinirdi. Lakin hələ yolun yarısı qət edilmişdi. Cavab matçı daha çətin olacaqdı. “Makkabi” bu tərs sillədən ayılmışdı və Bakıya revanş üçün, daha motivasiyalı gələcəkdi.
Yunis İldırımzadə qələbənin şərəfinə sağlıq deyir
Həmin oyunu komandanın sabiq futbolçusu Elşad Əhmədov belə xatırlayır: “Oyundan öncə heç kim nikbin deyildi. Ümid etdiyimizi desəm, yalan danışmış olaram. Çünki sayılmayan çempionluğumuzdan sonrakı mövsüm idi. Komanda demək olar, dağılmışdı. Yunis İldırımzadə komandanı yenicə himayəsinə götürmüşdü. “Qarabağ” dağılacaq vəziyyətə düşmüşdü, toparlandıq və əla nəticəyə imza atdıq. Uşaqların çoxu pula görə daha imkanlı komandalara getdi. 7 nəfər qalmışdıq, maaş almırdıq. Sonradan 200 manat maaş aldıq. Doğrusu, bizə saymazyana münasibət göstərdilər, biz də şansdan istifadə edib, onları udduq. İkinci hissəni əla keçirmişdik”.
Həmin matçın digər iştirakçısı Səttar Əliyev isə deyir ki, hətta ilk oyundakı qələbədən sonra da ümidləri az imiş: “Biz elə komanda idik ki, futbolçular lazım gələndə özü toparlana bilirdi. Danışırdıq ki, Ağdam, Qarabağ adı olduğu üçün məsələn, bu oyunu var qüvvəmizlə keçirəcəyik. Matçdan öncə razılaşdıq ki, ölkəni təmsil edirik, döyüşəcəyik. Gücümüz çatdığı qədər oynamalı idik. Bacardıq, qələbə qolunu isə son dəqiqələrdə vurduq”.
(davamı olacaq)
FƏRİD