Avropa Liqasına və 2019/20 mövsümünə hazırlığını davam etdirən “Qəbələ” növbəti transferini reallaşdırdı. Bu, “qırmızı-qaralar”ın ilk yeni əcnəbisidi.
Bunadək yalnız Kamal Mirzəyev və Sadiq Quliyevi heyətinə qatan əyalət klubu yerli futbolçu almaq niyyətində deyil. 3-4 əcnəbi gətirəcək klub çatışmazlıqları öz akademiyasının yetirmələri ilə dolduracaq.
Fernan Ferreyra Lopes adı hələlik heç nə demir. Lakin “Selta” klubunun yetirməsinə gələcəkdə parlayacaq biri kimi baxmaq olar. Filip Ozobiç başda olmaqla, əksər əcnəbilər Qəbələyə məhz belə gəlib. Əla seleksiya işinin nəticəsi olduqları isə zaman keçdikcə aydınlaşıb. Təsadüfi deyil, “qırmızı-qaralar”ın gətirdiyi bir çox əcnəbi indi də digər klublarımızda oynayır.
Lopes superistedad deyil. “Kompostela”, “Çoko” və “Ximnastika Seqoviana”da oynamış futbolçunun karyerası da zəngin sayıla bilməz. Amma onun cəmi 24 yaşı var və parlamasına ümid etmək olar.
1+1 illik müqavilə bağlayan yarımmüdafiəçinin qiyməti də münasibdi. Dəqiq rəqəm yazmayacağıq, amma ispan Stiven Monroz, Lalavele Atakora və ya Ceyms Adeniyi ilə müqayisədə havayı başa gəlib. Bu oyunçu sələflərinin ayyarıma aldığı maaşı bir il ərzində görəcək.
Lopesin son mövsümdə sabit oynaması da qeyd edilməlidi. Sequndanın B divizion təmsilçisi “Barakaldo”da 22 oyuna çıxmaq təsadüf deyil.
“Qəbələ” bu transferlə kifayətlənməyəcək. Qarşıdakı həftə daha bir neçə əcnəbinin gəlişi gözlənilir. Və onların hamısı birbaşa müqaviləyə gəlir. Futbolçular araşdırlır, əməkhaqqıları razılaşdırılır və gəlib, müqavilə bağlayırlar. Lopes birinci idi, davamı olacaq.
Klub büdcəsi ciddi şəkildə azaldılsa da, əldə olan vəsaitə uyğun hərəkət edilir. Və bu təkliflərə “hə” deyənlərdən möcüzə gözləmək olmaz. Ümidi doğrultmayanlar kluba ciddi ziyan vurmayacaq, transferlər tutsa, bu, “Qəbələ”nin qazancı olacaq. Necə ki, indi Adeniyini yaxşı qiymətə almaq istəyən bir neçə müştəri var.