Bakı Olimpiya Stadionunun ehtiyat meydançası dünən daha bir sınaq matçına şahidlik etdi. Təlim-məşq toplanışını başa vuran U-19 millimiz yeni mövsümə hazırlaşan “Sumqayıt”la üz-üzə gəldi.
 
“Kimyaçılar” çempionat öncəsi son sınağında start heyətini müəyyənləşdirmək istəyirdi. Baş məşqçi Ayxan Abbasovun güvəndikləri ümidi doğrultmadı. Düzdü, bu, sıradan sınaq matçı idi. Lakin əsas heyətdə möhkəmlənmək üçün futbolçulara şans verilmişdi ki, onlardan da bəziləri bunu dəyərləndirmədi.
 
İlk hissə millinin 2:0 hesablı üstünlüyü ilə bitdi. Samir Əliyevin yetirmələri yaşca balaca olsa da, meydandakı hərəkətlilikləri ilə təcrübəli həmkarlarına boy verdilər. Eyni futbolçunun təxminən eyni nöqtədən vurduğu oxşar qollar baxımlılığı ilə də seçildi. Komandada məşqçi işinin görünməsi isə xüsusi vurğulanmalıdı.
 
Amma futbolçuların fiziki cəhətdən mükəmməl olmadığı ikinci hissədə göründü. Abbasov futbolçularını fasilədə necə “zəhərləmişdisə”, onlar tezliklə hesabı bərabərləşdirdi. Amil Yunanovun Peyman Babayi ilə əvəzlənməsi sayəsində hücumda hərəkətlilik artdı və yeniyetmələr təzyiqə dözmədi.
 
Bununla belə, Əliyev döyüşə yeni qüvvə atıb, 3-cü qola nail oldu. Yenə gözəl kombinasiya və dəqiq zərbə diqqət çəkdi. “Sumqayıt” da ruhdan düşmədi və son saniyələrdə bərabərlik təmin olundu – 3:3. Bu nəticəni milli üçün qənaətbəxş saymaq olar. Əvəzində “Sumqayıt” haqda inamlı danışa bilmərik. Düzdü, Abbasov maraqlı komanda yaradıb, heç kimə bu komandayla səfər oyunundan xal aparmaq asan olmayacaq. Bununla belə heyətdə rəqabət zəifdi, ehtiyat qüvvə yetərsizdi. Bu da çempionatda problemlərə səbəb olacaq.
 
“Sumqayıt”ın gəncləri daha çox diqqət çəkdi. Ayxan bəyin əvəzedici heyətdən götürdüyü və limitə yararlı bir çox futbolçu mövsümün kəşfi də ola bilər. Amma onlar şansdan yararlanmalı və daha istəkli olmalıdılar. Dünənki futbolla böyük məqsədlər üçün döyüşmək çətin məsələdi.
 
Düzdü, bu, bir sınaq matçı idi və U-19-dan fərqli olaraq, sumqayıtlılar zədələrdən qaçmağa çalışır, eyni zamanda qüvvələrini ilk tura qoruyurdular. Əmir Ağayev, Peyman Babayi, təcrübəli müdafiə xətti, bəzi gənc oyunçular oyunuyla ümid verdi. Lakin heyət tam komplektləşməyib, komanda mövsümə tam hazır deyil. Dünən düşərgədə olan, lakin meydana çıxmayan Mehdi Şərifinin transferi alınsa, komandanın gücünə güc qatılacaq.
 
Onun milliləşdirilmə məsələsi həllini tapmalıdı, çünki “Sumqayıt”da legionerlərin oynamasına qadağa var. “Perspolis”dən gələn, azərbaycanca danışmağı bacarmayan farsın hansı adla yerli kimi oynadılacağı da maraqlı proses olacaq. Amma faktdı ki, onun transferi reallaşmaq üzrədi. Oyunçu keçmiş klubu ilə məsələləri yoluna qoyub, yalnız “Sumqayıt”la anlaşmanın imzalanması qalıb.
 
Matçı izləyənlər arasında aşağı yaş qrupundan olan millilərimizin məşqçiləri də var idi. Eyni zamanda “göyərçinlər”in ilk turdakı rəqibi “Qəbələ”nin məşqçilər korpusu tam heyətlə, 2-ci turdakı rəqib “Səbail”in baş məşqçisi Aftandil Hacıyev kəşfiyyata gəlmişdi.
 
AĞA
Shares: