Avropada transfer pəncərəsinin bağlanmasının sonuncu günü “Qarabağ” yeni qapıçı alır. Ağdam klubu tezliklə bununla bağlı rəsmi açıqlama verəcək.
 
Təmsilçimiz İngiltərə Premyer Liqa təmsilçisi “Bornmut”un qapıçısı Asmir Beqoviçi heyətinə cəlb edir. Bosniya və Hersoqovina illisinin 32 yaşlı qapıçısı ilə 1 illik icarə müqaviləsi imzalanacaq. Tərəflər arasında danışıqlar bitib.
 
İngiltərədə müxtəlif vaxtlarda “Çelsi”, “Stok Siti”, “Portsmut”, “Yovil Taun”, “İpsviç Taun”, həmçinin Belçikada “La Luvyer” komandalarında oynamış Beqoviç yaxın günlərdə Bakıya gələcək. Onun millidəki komanda yoldaşı İbrahim Şehiçin məsələsi alınmayandan sonra Asmirin gəlişi lazım bilinib. “Ərzurumspor” (Türkiyə) yüksək təzminat tələb etdiyindən “Qarabağ” Şehiçdən vaz keçməli olub. Halbuki dünənədək məhz İbrahimin gəlişi daha real idi.
 
“Bakıya nə vaxt gələcəyimi dəqiq deyə bilmərəm” – bu sözləri futbolinfo.az-a açıqlamasında az öncə Beqoviç deyib.
 
O, “Qarabağ”a transferi ilə bağlı gəzən xəbərlərə münasibət bildirib: “Danışıqlar var, hər şey çox ciddidi, amma rəsmi bir şey ortada yoxdur. Əgər hər şey rəsmiləşsə, sizə məlumat verəcəm”.
 
Ağdam klubundan isə bizə Şehiçlə danışıqların bitdiyini, Beqoviçlə müqaviləni rəsmiləşdirməyə çox yaxın olduqlarını söylədilər.
Shares: