Son turda vurduğu qol Lorentso Frutosu bombardirlər yarışında ilk pilləyə çıxardı. “Keşlə”də debüt mövsümünü keçirən hücumçu “Zirə”ylə matçda fərqlənməklə komandasının da 2-ci sıraya şərik olmasına yardım etdi. 4 qol böyük göstərici deyil, lakin Frutosun oyunçu keyfiyyətlərinə baxmaq üçün cəmi 6 oyunda bu qədər fərqlənmək kifayət edir.
 
– “Zirə” üzərində qələbə qazandınız. İki uğursuz oyundan sonra bu qələbəni nəyə borclusunuz?
– Çox sevinirəm ki, 3 xalı əldə etdik. Biz buna layiq idik. 3 xala çox ehtiyacımız var idi. Son 2 oyunun birində uduzmuşduq, birində heç-heçə etmişdik. İndi də qalib gəlməyi bacardıq. Bizim komanda hər matçda qələbəyə layiqdi.
 
– Səni komandanın lideri sayanlarla razısan?
– Yox, bu barədə heç düşünmürəm də. Mənə görə bizim ən yaxşı oyunçumuz yoxdu. Ən yaxşı olan komandadı. Birlikdə uğurlu nəticələr əldə etməyi bacarırıq. Hər kəs “Keşlə”nin adı üçün meydana çıxır.
 
– “Keşlə”nin qarşısına nə hədəf qoyulub?
– Biz oyundan oyuna daha yaxşı oynamağı düşünürük. Bugünkü nəticələrə görə vəziyyətimiz yaxşıdı, istədiyimiz nəticəni almışıq. Lakin 6 matçdan sonra nəsə demək çətindi. Bizi mövsümün sonuna qədər çətin bir yol gözləyir.
 
– Çempionatda mübarizə səni qane edir?
– Azərbaycan çempionatı haqqında çox şey bilmirəm. Amma burada yaxşı komandalar və güclü futbolçular var. Xeyli sayda yüksək səviyyəli oyunlar keçib. Ona görə də burada oynamaq xoşuma gəlir.
 
– Hər hansı komandanın “Qarabağ”a qarşı müqavimət göstərəcəyinə inanırsan?
– “Qarabağ” geridə qalan 6 turda mükəmməl çıxış edib və 6 qələbə qazanıb. Onlar rəqiblərlə aralarında çox ciddi fərq yaradıblar. Hansısa komandanın onlara çempionluq yolunda ciddi maneə yaratması çox çətin olacaq. Amma futbolda hər şey mümkündü.
 
– Qarşıda “Sumqayıt”la oyun var…
– Biz səfərə qələbə üçün gedəcəyik. İstənilən rəqiblə oyun çətindi, amma hədəfimiz 3 xaldı. Həftəboyu ciddi şəkildə bu oyuna hazırlaşacağıq və istədiyimiz kimi oynasaq, 3 xal da bizim olacaq.
 
FƏRİD
Shares: