“Bakı”nın yarımmüdafiəçisi Namiq Ələsgərovun futbolinfo.az saytına müsahibəsi
– “Simurq”la oyunda qələbə qazandınız…
– Əvvəlcədən çətin olacağını bilirdik. “Simurq” yaxşı komandadı. Amma erkən iki qol vurduq və qalib gəldik. 3 xal qazandığımıza görə sevinirəm.
– Oyunda 2 qol vurdunuz. Amma biri rəsmi protokolda rəqib futbolçunun avtoqolu kimi qeyd olundu…
– Buna görə çox sevinirəm. Komandamın qələbəsində rol oynadım. Ola bilsin ki, çoxları gənc futbolçunun dubl etməsini gözləmirdi. Mən bundan sonra da çalışacam ki, hər oyunda daha da artığını edim və qollar vurum, komandama kömək edim. İkinci qolun rəqib futbolçunun avtoqolu kimi qeyd olunmasına gəlincə, bunun elə də əhəmiyyəti yoxdu. Əsas odu ki, komandam qələbə qazandı.
– Artıq ikinci oyundu ki, qələbə qazanırsız…
– Qarşıda daha çətin oyunlar var. “Neftçi” və “Qarabağ”la qarşılaşacağıq. Çalışacağıq ki, bu oyunları da udaq və qələbə seriyamızı davam etdirək.
– Komandanın çempionatda əsas hədəfi nədi?
– Biz də istəyərdik ki, çempion olaq. Amma bu, hazırda heç də real görünmür. Ona görə də əsas məqsədimiz Avropa Liqasına vəsiqə qazanmaqdı.
– Amma Avroliqaya vəsiqə də indiki vəziyyətdə çətin görünür…
– Bizim məqsədimiz qarşıdakı 8 oyunda maksimum xal yığmaqdı. İnanıram ki, biz Avroliqaya gedəcəyik. Özü də ikinci pillənin sahibi kimi.
– Elə ikinci yer demişkən, qarşıda “Neftçi” ilə oyun var. Demək olar ki, bu oyun sizin ikinci pilləni tutmağınız baxımından taleyüklü oyundu?
– Elədi. Məncə də ikinci pillə uğrunda mübarizə üçün əsas oyunlardan biri olacaq.
– Elədi. Məncə də ikinci pillə uğrunda mübarizə üçün əsas oyunlardan biri olacaq.
– “Qarabağ”ı artıq çempion saymaq olar?
– Düzdü, qarşıda hələ 8 oyun var. Amma “Qarabağ”ın qarşıda bu qədər xal itirəcəyi real görünmür. Yenə də futboldu, hər şey ola bilər.
– Rauf Əliyev zədəlidi. Bu, sənin meydana mütəmadi çıxmağına kömək edə bilər?
– Mən istəmirəm ki, Raufun zədələnməsinə görə oynayım. Raufun oynaması bizim üçün vacibdi. İnanıram ki, tezliklə sağalıb sıraya dönər.
ELSEVƏR