Bu gün Çempionlar Liqasında 1/4 final həyəcanı start götürür. Adını son 8 klub arasına yazdırmış iştirakçılardan 4-ü ənənəvi olaraq saat 23:45-də başlayacaq oyunlarda qüvvəsini sınayacaq.
 
Qarşılaşmalardan birində La Liqanın liderləri – "Atletiko" və "Barselona", digərində Çempionlar Liqasının son qalibi "Bavariya" və İngiltərə nəhəngi "Mançester Yunayted" qarşılaşacaq.
 
Azarkeşlərin ispan qarşıdurmasını maraqla gözlədiyi sözsüzdü, yaxud da Argentina qarşıdurması. Axı hər iki komandanın çalışdırıcısı argentinalıdı.
 
La Liqadan tanış rəqiblər olan "Barselona" və "Atletiko" "Nou Kamp"da üz-üzə gələcək. Cari mövsüm 3 dəfə (2 dəfə İspaniya Superkuboku, 1 dəfə La Liqa) qarşılaşan komandalar hər 3 matçda da meydanı bərabərliklə tərk edib. Odu ki, "Barselona"nı favorit görənlər yanıla bilər. Unutmaq lazım deyil ki, "Atletiko" hazırda İspaniya çempionatında "Barselona" və "Real" kimi nəhənglərin önündə liderlik edir.
 
Klublar arasında “Nou Kamp”da keçirilən oyunlarda “Barsa”nın aşkar üstünlüyü var: 105 matç, 60 qələbə, 19 məğlubiyyət, 26 heç-heçə. Madrid klubunun Kataloniyadakı sonuncu qələbəsi 2006-cı ildəki La Liqa qarşılaşmasına təsdüf edir – 3:1.
 
Qeyd edək ki, bu oyunda "Barsa"nın əsas qapıçısı Viktor Valdesin zədəli olması da katalonlar üçün baha başa gələ bilər. Çünki ikinci qapıçı Xose Pinto yaşlı olsa da, ÇL təcrübəsi çox azdı. Qarşı tərəfdən isə Raul Qarsiya cəzalı olduğu üçün meydana çıxmayacaq.
 
Gecənin digər matçı isə İngiltərədə keçiriləcək. Burada "Mançester Yunayted" turnirin mütləq favoritlərindən sayılan və öncəki mərhələdə digər ingilis nəhəngi “Arsenal”ı mübarizədən kənarlaşdıran "Bavariya"nı qəbul edəcək. Demək olar ki, proqnozçular ispaniyalı Velasko Karbalyonun idarə edəcəyi matçda mankunyanlara şans tanımır. Çünki cari mövsüm məğlubiyyətsiz şəkildə irəliləyən və ötən həftə Bundesliqa çempionluğunu 7 tur qabaqcadvan təmin edən "pivəçilər" meydana böyük ruh yüksəkliyi ilə çıxacaq. Xosep Qvardiolanın komandasındakı yeganə problem Tyaqo Alkantaranın zədəli olmasıdı ki, onu da əvəz edəcək kifayət qədər oyunçu var. Bundan başqa cəzalı olan Dante də axşam matçı tamaşaçı qismində izləyəcək. Qarşı tərəfdə isə problemlər çoxdu: komandanın Premyer Liqada uğursuz mövsüm keçirməsi, əsas qol silahı Robin van Persi və Patris Evranın zədəli, bir çox oyunçunun formasız olması və s. Lakin "qırmızı şeytanlar"ın azarkeş amilindən istifadə edərək gecəni sürpriz bir nəticə ilə bağlamasını gözləmək olar.
 
Xatırladaq ki, bu klublar “Old Trafford”da indiyədək 4 dəfə üz-üzə gəlib. Tərəflər hərəyə 1 qələbə qazanıb, 2 matçda isə qalib müəyyənləşməyib. Sonuncu dəfə MY ilə "Bavariya" 2009/10 mövsümündə ÇL-in elə 1/4 finalında üz-üzə gəlib. İngiltərədə 2:3 hesabı ilə yenilən Münhen klubu evdə 2:1 hesablı qələbə qazanaraq səfər qolu sayəsində mərhələ keçib.
 
Çempionlar Liqası
1/4 final
1 aprel
 
23:45. Barselona (İspaniya) – Atletiko (İspaniya)
23:45. Mançester Yunayted (İngiltərə) – Bavariya (Almaniya)
Shares: