Topaz Premyer Liqasının 28-ci turunda “Neftçi” və “Xəzər Lənkəran” arasında “Böyük oyun” baş tutdu. Futbolinfo.az xəbər verir ki, o qədər də maraqlı keçməyən oyun “ağ-qaralar”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşdı.
 
Həmişə olduğu kimi, "Böyük oyun" bu dəfə də qalmaqallı məqamlarla yadda qaldı. Bu dəfə qalmaqalın mərkəzində Lənkəran klubunun gənc qapıçısı Orxan Sadıqlı var idi. Azarkeşlərin onu söymələrinə tab gətirməyən çərçivə qoruyucusu Mahir Şükürovun Lənkəranda etdiyi hərəkəti təkrarladı və meydan sahiblərinin fanatlarına orta barmağını göstərdi. Amma İntizam Komitəsinin qərarları açıqlanarkən Sadıqlıya cəza verilmədiyini gördük. Halbuki, hər kəs, hətta Sadıqlının özü də AFFA tərəfindən bu hərəkətə görə 3 oyunluq cəza veriləcəyini gözləyirdi.
 
Maraq üçün xatırladaq ki, 3-cü dövrədə Lənkəranda keçirilən "Böyük oyun"da etdiyi eyni hərəkətə görə Mahir Şükürova 3 oyunluq cəza verilmişdi. Bəs görəsən, iki oxşar epizod zamanı İK-nın fərqli qərarlar çıxarmasına səbəb nədi? Şükürovun bu hərəkətini komitə üzvləri özləri cəzalıq hərəkət bilərək diskvalifikasiya etmişdilərsə, indi Sadıqlı ilə də bağlı niyə eyni qərar çıxarılmır?
 
Oyunun hakim-inpektoru Gülağa Cabbarov saytımıza açıqlamasında cəzanın verilməməsinin səbəbini İntizam Komitəsinin üzvlərindən soruşmağımızı istədi: “Mən sizə nə deyim? Niyə cəza verilmədiyini gedin İntizam Komitəsinin üzvlərindən soruşun”.  "Siz hakim-inspektor kimi həmin məqamı qeyd etmişdiniz" sualına isə Cabbarov belə cavab verdi: “Mən bu barədə sizə heç nə deyə bilmərəm”. Görünən odu ki, hakim-inspektor heç bu epizodu görməyib.
 
Bunu Tofiq Fətullayevin futbol11.az saytına verdiyi açıqlama da təsdiq edir. İK sədrinin verdiyi açıqlamaya baxaq: “Biz epizoda baxdıq. Orxan Sadıqlının əlində əlcək var. Bəlkə bunun barmağı ağrıyıb, belə edib? Kim bilir? Bütün bunları müzakirə edib, qərar verdik. Mahir Şükürov isə Lənkəranda əlini havaya qaldırıb, azarkeşlərə göstərmişdi”.
 
Tofiq müəllimə xatırlatdıq ki, Orxan özü də məsələ ilə bağlı danışıb və deyib ki, azarkeşlər onu bu işə vadar ediblər. Cavab isə belədi: “Biz heç bir açıqlamaya əsaslanmırıq. Oyunda AFFA nümayəndəsi olub, hakim olub, hakim-inspektor olub. Bizim üçün onların qərarı əsasdı. Orxanın açıqlaması mənə lazım deyil”.
 
Fətullayev AFFA nümayəndəsi və hakim-inpektoru müdafiə etdikləri üçün bu yola əl altdıqlarını sözləri ilə də təsdiqləyib. “Orxan Sadıqlının barmağı ağrayıb”, “biz futbolçunun açıqlamasına baxmırıq” kimi sözlər sadəcə bəhanədi. Əgər Sadıqlı özü bu hərəkəti etdiyini təsdiqləyibsə, daha başqa nə sübuta ehtiyac var ki? İK bu addımı ilə ikili prinsiplə çalışdığını növbəti dəfə ortaya qoydu və özünü qınaq obyektinə çevirdi.
 
“Böyük oyun”un AFFA nümayəndəsi Ramiz Mustafayevin də dedikləri yazdıqlarımızı sübut edir: “Orxan Sadıqlıya niyə cəza verilmədiyini deyə bilmərəm. Raporta gəlincə, mən gördüyüm epizodları qeyd edirəm. Orxanın etdiyi hərəkəti isə görməmişəm”.

ELSEVƏR

Shares: