Ötən gün tarixə qara hərflərlə həkk olunan Azərbaycanlıların Soyqırımı Günündən 96 il ötdü. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı soyqırım törədilib.
Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart hər il Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Ötən günün hansı hadisənin tarixin yaddaşına həkk olunması ilə bağlı apasport.az saytı futbolçulara sual ünvanlamışdı. Yerli futbolçulardan alınan cavablar isə təssüf doğurmaya bilməzdi.
Maraqlıdı ki, 21 yaşlılardan ibarət yığma komandamızın və "Qəbələ"nin müdafiəçisi Ruslan Tağızadə ona ünvanlanan suala "31 mart Müstəqillik günüdü" kimi cavab verib. Görünür, qış fasiləsində AZAL-dan "Qəbələ"yə keçən Tağızadə həqiqətən də əyalət klubunda müstəqillik qazanıb. AZAL-da qalsaydı, ona soyqırımın nə olduğunu çoxdan başa salmışdılar.
"İnter"in yarımmüdafiəçisi Samir Zərgərov isə suala belə cavab verib: "Bilmirəm. Nə günüdü ki? (biz dedikdən sonra) Soyqırım? Həə, elə də yazarsınız ki, Samir bilmədi. Bilirsiniz, hazırda mən bütün diqqətimi zədəmin sağalmasına yönəltmişəm. Bu səbəbdən başqa heç nə haqqında fikirləşə bilmirəm”. Zərgərov, bəs illərdi tək ayaq üstə gəzən Qarabağ qaziləri nə etsin? Sənin zədən gec-tez sağalacaq, müharibə qurbanlarının ağrı-acısı isə son mənzilə qədər onlara yol yoldaşı olacaq.
Vaxtilə milli komandamızın şərəfini qorumuş Aqil Nəbiyev: “31 mart? Yadıma heç nə düşmür. Soyqırım günüdü?" deyərək cavab verib. Milli komandamızın şərəfini qorumuş futbolçulardan belə cavablar alanda insan istər-istəməz dəhşətə gəlir. Çox uzağa getməyək, Türkiyə millisinin şərəfini qoruyan hər hansı futbolçu belə bir cavab versəydi, onu çoxdan millidən də, komandasından da rədd etmişdilər.
Bu sual daha bir neçə futbolçuya ünvanlansaydı, bəlkə daha biabırçı cavablar eşidərdik. Yaxşı ki, elə bunlarla kifayətlənməli olublar. Azərbaycanlı futbolçuların içində demək olar ki, savadsızları az deyil. Elələri var ki, 2 cümləni ard-arda düzüb, öz fikirini çatdıra bilmirlər. Bu da təsadüfü deyil. Buna səbəb isə əksəriyyətinin balaca vaxtlarından bütün işini, gücünü atıb, top dalınca qaçmasıdı. Kimsə futbolçuları tarix, fizika və yaxud da coğrafiyanı bilməməsinə görə qınaya bilməz. Heç onlardan Ağqoyunlular və Qaraqoyunlular dövlətinin yaranması və süqutunu, ətalət qanunu, Kür-Araz ovalığı haqda soruşan da yoxdu. Ancaq elə məlumatlar da var ki, Azərbaycanın havasını udub, çörəyindən yeyən, suyundan içən hər bir şəxsin bunu bilməsi mütləqdi! Utanın!
EMİN SƏFƏROV