Futbol üzrə UEFA Çempionlar Liqası tarixində ilk dəfə Azərbaycan və Norveçin ən yaxşıları üz-üzə gələcək.
Futbolinfo.az xəbər verir ki, bu, sentyabrın 15-16-da keçiriləcək 3-cü təsnifat mərhələsində baş tutacaq “Qarabağ” – “Molde” oyununda gerçəkləşəcək.
İndiyədək iki ölkə təmsilçiləri avrokubokda üz-üzə gəlsə də, qitənin ən nüfuzlu turnirində görüşməyib. Norveçlilərlə əvvəlki duellərin hamısı Avropa Liqasında reallaşıb.
İlk belə görüş 2009/10 mövsümünə təsadüf edib. “Qarabağ” Qurban Qurbanovla ilk avrokubok sınağında “Rusenborq”u keçərək qitə səhnəsindəki uğurla addımlamağa start verib. Amma 4 il sonra “İnter” (indiki “Keşlə”) zəif “Tromse” önündə aciz qalıb.
Bu iki duel çərçivəsində Azərbaycan 2, Norveç 1 qələbəyə sevinibsə, 1 matç heç-heçə bitib. Top fərqində bərabərlik hökm sürür – 2:2. (apasport)
2009/10
2-ci təsnifat mərhələsi
16 iyul. “Rusenborq” (Norveç) – “Qarabağ” – 0:0
23 iyul. “Qarabağ” – “Rusenborq” (Norveç) – 1:0
Qol: Rəşad Sadıqov
2013/14
2-ci təsnifat mərhələsi
18 iyul. “Tromse” (Norveç) – “İnter” – 2:0
25 iyul. “İnter” – “Tromse” (Norveç) – 1:0
Qol: Baçana Sxadadze