Rövnəq Abdullayev – Elxan Məmmədov cütlüyü bu gün futboldan birdəfəlik kənarlaşdırılır. 16 ildən uzun sürən hakimiyyətləri dövründə ölkə futbolunu darmadağın edən cütlük, nəhayət, yola salınır.

Düzdür, onlarla əlbir olan Elşad Nəsirov yenə futbol təsərrüfatının bir küncünə sığına, İcraiyyə Komitəsində qala bildi. Amma çətin ki, onun hökmü əvvəllər olduğu qədər keçərli olsun. Bununla belə, bu şəxsə qətiyyən etibar etmək olmaz. Nəsirov qarşıdakı aylarda, illərdə öz dəstəsinin futbolda qalan üzvlərini qorumağa, bu gün seçiləcək komandanın ayağının altını qazıb yenidən hakimiyyəti ələ almağa cəhd edəcək.

AFFA-nın Növbəti Hesabat-Seçki Konfransı keçirilmə formasına görə əvvəlkilərdən fərqlənmir. Yenə AFFA prezidenti postuna yeganə namizəd var, İcraiyyə Komitəsinə üzvlüyə namizədlərin sayı da vakant postlar qədərdir. Ona görə də hansısa seçim mübarizəsindən, rəqabətdən danışa bilməyəcəyik. Bu dəfə də seçkidən daha çox təyinatdan danışmalı olacağıq.

Konfransın gündəliyi bəllidir və qeyri-adi heç nə yoxdur. Standart gündəlikdən kənar olan yalnız köhnə dəstədən kimlərin yola salınacağıdır. Ona da yəqin ki, daha çox qarşıdakı günlərdə aydınlıq gələcək. Rövşən Nəcəf taxtına otursun, komitə üzvləri təsdiqlənsin, əsl islahatlar ondan sonra başlamalıdır.

Təəssüf ki, Nəcəf AFFA prezidenti kreslosuna göydən zənbillə enir. O, seçkiqabağı platformasını açıqlamadı, seçicilərini niyə məhz ona səs verməli olduqlarına inandırmağı lazım bilmədi. Bu səbəbdən onun seçəcəyi strategiya da müəmmadır. Bu gün müəyyən konturların müəyyənləşəcəyinə ümid edirik. Əks halda, tənqidlər ilk gündən başlayacaq.

blank

Seçki-təyinat reallaşmadan artıq yeni rəhbərliyin düşmənləri üzə çıxmağa başlayıb. Təbii ki, İcraiyyə Komitəsinin yeni üzvlərinin bəzilərinin hətta namizədliyi qeyri-qanuni olduğundan, bu kimi hallar diqqətdən qaçmır. Bu azmış kimi az sonra prezident seçiləcək Rövşən Nəcəf kluba bağlılığını rəsmən bitirməyib, “Neftçi”nin Müşahidə Şurasının rəhbərliyindən istefa verməyib. Yəqin ki, bunu seçkidən sonraya saxlayıb.

İstənilən halda, yeni AFFA rəhbərliyinə güclü müxalifət olacaq. Hakimiyyətdən devrilənlər onlara xələf olmaq istəyib kənara atılanlarla birləşsə, təəccüblənmərik. Təsadüfi deyil, futbolda islahat kampaniyasında səriştəsiz addımları ilə rəzil vəziyyətinə düşən AGİN indidən buynuz göstərməyə başlayıb. Gənclər və İdman Nazirliyinin AFFA-nın yeni heyətində təmsil olunmaması, əvəzində bu qurumun vəzifədən azad etdiyi Fərid Mansurovun İcraiyyə Komitəsində saxlanılması odun üstünə benzin töküb.

Elə bu səbəbdən gənclər və idman naziri Fərid Qayıbov bugünkü konfransa qatılmayacaq. Ölkədə idman siyasətinə birbaşa cavabdeh olan şəxsin ən populyar növün ən vacib tədbirinə qatılmaması birmənalı qarşılanmamalıdır. Bu, birbaşa dövlətin idman siyasətini boykot etməkdir. Çünki AFFA-nın kimlərə tapşırılması məsələsinin hansı səviyyədə həll olunduğunu hamı bilir. Deməli, Qayıbovun üsyanı həm də bu qərara, bu qərarı verənlərədir.

blank

İndi bütün bu qüvvələr AFFA-nın yeni rəhbərliyinə qarşı birləşəcək. Kənarda narazılar, içəridə Nəsirov – Nəcəfin komandasının kiçik bir səhvə belə ixtiyarı yoxdur.

VÜSAL MAHMUDOV

Shares: