Müsahibə
Ağabala Ramazanov: “Fasilədən maksimum istifadə etmək lazımdır”

“Səbail”in hücumçusu Ağabala Ramazanovun futbolinfo.az saytına müsahibəsi
– Son matçda “Neftçi”yə məğlub oldunuz. Oyun barədə fikirlərin necədir?
– Düşünürəm ki, çox yaxşı ilk hissə keçirdik. Qol imkanlarımız da oldu. Amma ilk 45 dəqiqədəki oyun baxımdan olan üstünlüyümüzü qoruyub saxlaya bilmədik. Rəqib isə bizdən fərqli, əlinə düşən imkanlardan yararlanaraq qələbə qazandı.
– Ümumiyyətlə, mövsüm başlayanda “Səbail”in iddialı heyət yığdığı, yuxarı yerlər üçün oynayacağı deyilirdi. Amma komanda 7 oyuna cəmi 5 xal toplayıb. Bunu necə nəticə sayırsan?
– Təbii ki, daha yaxşı nəticə ola bilərdi. Amma qismət. Geridə qalan oyunlardan nəticə çıxarıb daha yaxşı oyunlar keçirmək, qələbələr qazanmaq istəyirik.
– Səncə, komandada yeni məşqçi, yeni sistem, yeni oyunçular olduğu üçün vəziyyət belədir, yoxsa başqa hansısa problem var?
– Komanda yenidir və adaptasiya dövründən keçir. Oyunçuların bir-birinə uyğunlaşması üçün vaxt lazımdır. Bundan sonra isə hər şey daha yaxşı olacaq.
– Qarşıda milli komandalara görə yaranan fasilə sizə necə təsir edəcək?
– Yaranan fasilədən maksimum istifadə etmək lazımdır. Məşqçinin tapşırığına əməl edərək daha yaxşı formaya qayıtmaq istəyirik.
– Millidən dəvət gözləyirsən, yoxsa daha ümidini üzmüsən? Daim klubunda oynayan futbolçusan, amma adın siyahıda yoxdur…
– Milliyə dəvət edilib-edilməməyim baş məşqçinin seçimidir. Onun da qərarlarına hörmətlə yanaşıram. Mən meydanda üzərimə düşən işi görüb komandam üçün əlimdən gələni edirəm. Belə də davam edəcəm.
– Yığmadan Millətlər Liqasının son iki turunda nə gözləyirsən?
– Milliyə inanıram və güvənirəm. Onlara uğurlar arzu edirəm.
FƏRİD
