Ölkə futbolu
Avrokubokdan kənar qalmaq “Neftçi”nin xilası üçün şansdır
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Miodraq Bojoviç düz deyir – “Neftçi”nin uğursuzluğu yalnız onun günahı deyil. Mövsümə hətta çempion “Qarabağ”dan da böyük büdcə ilə başlayan bakılıların biabırçı çıxışının səbəbi yayda atılan yanlış addımlardır. 9 ayın yekununda komandanın “hamiləliy”i avrokuboka vəsiqə adlı uşağın tələf olması ilə bitdisə, problemə daha geniş baxılmalıdır.
Hazırkı “Neftçi”nin təməllərini atan Rövşən Nəcəfə indi ümumi ölkə futbolunum taleyinin tapşırıldığını xatırlayanda üşənirsən. Bu qədər yanlış kadr seçimi edən, səhv qərarlar verən biri hansı analitik düşüncənin yekununda AFFA prezidenti seçilib? Axı, Adrian Mutunun da, Miodraq Bojoviçin də təyinatına o razılıq vermişdi. Ümumi idarəetmə tapşırılan, transferlər həvalə edilən, idman nəticələrinə cavabdeh seçilən bütün şəxslər məhz onun kadrlarıdır. İndi həmin adamları məsləhət bilən, tapşıran, komandanın içinə dolan, kənardan göstəriş verən insanlar uğursuzluqdakı payını bilirmi?
Komandanın mövsümə hazırlığa gec başlaması, nəinki avrokuboka, eyni zamanda çempionata düzgün hazırlaşmaması ilboyu özünü göstərdi. 6 aydan sonra qovulan legionerlər, ehtiyatda oturan bahalı əcnəbilər heyətin düzgün komplektləşdirilməməsinin nümunəsi idi. Hər cür adamın doldurulduğu klubda xaos hökm sürürdü və nəticədə komanda Premyer Liqada 10 iştirakçı arasında 5-ci olmaqla ən böyük biabırçılığı yaşadı.
Bəlkə də bu formada idarə olunan “Neftçi”, avrokuboklara düşməməklə daha böyük faciədən qurtuldu. Qitə yarışlarına vəsiqə əldə edilsəydi, problemlərin yanından keçiləcək, üstü örtüləcəkdi. İndi isə tam yeni komanda qurmaq, klubu dezinfeksiya etmək üçün şərait var. Bahalı, amma lazımsız oyunçuların yükləndiyi heyət, isveçli işəyaramaz idman direktoru, transferləri öz cibinə görə reallaşdıran bəzi idarəçilər – bir-bir hesab sorulub radikal dəyişikliklər edilməlidir.
Avrokubokdan kənar qalmaq “Neftçi”nin xilası, yenidən təşkili, daha da böyüməsi üçün bir şansdır. Fərqli işlər görmək üçün büdcəni daha da böyütməyə gərək yoxdur, idarəçiliyə bacarıqlı insanlar gəlməli, sağlam strategiya seçilməlidir. Bojoviçlər, andersonnlar yalnız pul qazanmağa gəlmiş bacarıqsızlar yığınıdır, onlardan bu şəxsləri kluba calaq etmiş şəxslərlə birlikdə qurtulmaq lazımdır. Daha sonra layiq olmadığı maaşları alan qocalar yığını təmizlənməli, heyət rəqabətədavamlı hala gətirilməlidir.
Vəziyyət ümidsiz deyil. Dünən “Sabah”la matçdan öncə çempionluq kubokunu alan əvəzedici heyət “Neftçi”yə hələ də ümid olduğunu göstərdi. Əldə olan müsbətləri böyütmək üçün doğru işlər görmək lazımdır. Müsbətlə mənfini toplayıb böyümək olmaz, müsbətlərin sayını çoxaltmaq, böyümək lazımdır.
FƏRİD
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Milli komanda2024-06-07 22:50
Millimiz Albaniyaya məğlub oldu
- Ölkə futbolu2024-06-08 10:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Müsahibə2024-06-07 14:54
Cica “Qarabağ”da qalmaq istəyir: “Başqa məsələlər barədə nəsə deyə bilmərəm”
- Müsahibə2024-06-07 17:19
20 ilin Aslanı: “Elxan Səmədovun xəstəxanadakı palatası iclas otağımız oldu”