UEFA avrokubokların 2020/21 mövsümünun təsnifat mərhələləri ilə bağlı yeni qaydaları dərc edib.
Futbolinfo.az xəbər verir ki, bu mövsüm 1/8 finalın oyunlarından sonra futbolçuların sarı vərəqələri silinəcək.
İcraiyyə Komitəsinin qərarlarına görə, avrokubokların təsnifat və pley-off mərhələsinin oyunlarında alınan sarı vərəqələr qrup mərhələsinin matçlarına təsir etməyəcək.
Eyni zamanda 2020/21 mövsümündə qarşılaşmaların oynanılacağı ölkələrdə karantin rejimi tətbiq edilərsə, oyun başqa ölkədə keçirilə bilər. Bunu ev sahibi komanda təşkil etməlidir. Əks halda həmin komanda texniki məğlubiyyət alacaq.
Hər püşkdən əvvəl UEFA ölkələr arasında bütün səyahət məhdudiyyətlərinin, eyni zamanda ölkələrdə tətbiq edilən karantin qaydalarının siyahısını dərc edəcək. Klublar yerli federasiya ilə birgə püşkdən iki gün əvvəl məhdudiyyətləri UEFA-ya bildirməlidilər.
Oyunu öz meydanında keçirə bilməyən klub bununla bağlı püşkə iki gün qalmışa qədər UEFA-nı məlumatlandırmazsa, həmin kluba texniki məğlubiyyət veriləcək.
Klublar daha əvvəl UEFA-da qeydiyyatdan keçirmədiyi, ancaq yerli assosiyasiyalarda klubun futbolçusu kimi qeydiyyata alınan və testi neqativ çıxan futbolçuları heyətə daxil edə bilər.
Həmçinin, hakimlər briqadasının hər hansı üzvünün testi müsbət çıxarsa, UEFA istisna hal kimi klublarla eyni ölkədən olan hakimi oyuna təyin edə bilər.
Bundan başqa, klublarda bir neçə nəfərin virusa yoluxması oyunlara təsir etməyəcək. Yeni mövsümdə bir klubda biri qapıçı olmaqla, ümumilikdə 13 futbolçu sağlamdırsa, qarşılaşmalar oynanılacaq.