Layihə
Bərdənin Ümidi

Bərdədən olan Ümid Əhmədov 8 ildir karatenin kyokuşinkaykan növü ilə məşğul olur. İstedadlı idmançı adı kimi ümid vəd edən gənclərdəndir.
Pərviz Rəsulovun rəhbərliyi altında hazırlıq keçən 14 yaşlı Ümid qısa müddətdə respublika çempionu və zona birinciliyinin qalibi adını qazanıb. Yeniyetmə karateçinin ən böyük arzusu beynəlxalaq yarışlarda ölkəmizi təmsil edib medal qazanmaqdı.Bunun üçün o, həftənin üç günü təşkil olunan məşqlərdə səylə çalışır.

Əhmədovun şəxsi məşqçisi olan Pərviz Rəsulov tələbəsinə böyük ümid bəsləyir. O, yetirməsinin parlaq gələcəyinin olduğuna əmindir.
Martın sonunda paytaxt Bakıda uşaq, yeniyetmə və gənclər arasında Respublika Çempionatı start götürəcək. Yarışda bərdənin idman şərəfini 12 karateçi qoruyacaq ki, onlar da qarşıdakı birincilikdən uğur qazanacaqlarına inanırlar. Bərdə komandasının baş məşqçisi olan Pərviz Rəsulov da tələbələrinin medalçılar sırasına düşəcəyinə əmindir.

Qeyd edək ki, Respublika Çempionatında uğur qazanacaq karateçilər milli komandanın tərkibinə cəlb olunacaq.
BƏHRUZ MUSAYEV, BƏRDƏ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

