“Araz-Naxçıvan” klubunun baş məşqçisi Elmar Baxşıyevin futbolinfo.az saytına müsahibəsi

– Yay transfer dövrünün ən fəallarından biri “Araz-Naxçıvan”dır. İndiki məqamda heyəti neçə faiz komplektləşdirə bilmisiniz?

– Demək olar ki, əsas sütunu qurmuşuq. Danışıq apardığımız oyunçular var, onların keçidi də reallaşdıqdan sonra heyəti tam komplektləşdirdiyimizi deyə bilərəm. Təxminən 70-80 faiz məqsədimizə nail olmuşuq. Əlbəttə, heç bir işdə 100 faizlik nəticədən danışmaq doğru olmaz. Çalışırıq seçimlər zamanı diqqətli olaq. Müqavilə bağladığımız mərkəz yarımmüdafiəçisi Karlos Jatobaya ümidimiz böyükdür. Razılıq əldə etdiyimiz digər futbolçular da tezliklə bizə qoşulacaqlar.

– Bundan sonra hansı mövqelər üçün yeni transferlər planlaşdırılır?

– Hücum xəttini gücləndirməliyik. Danışıq apardığımız futbolçular da əsasən bu mövqedə bizə kömək edəcək oyunçulardır. Onların Bakıya gəlişini gözləyirik.

– Ötən sezon başa çatan kimi ilk olaraq yerli oyunçularla – Tərlan Əhmədli, Urfan Abbasov, Ülvi İsgəndərli, Ömər Buludov və Turan Vəlizadə, son olaraq isə Bəxtiyar Həsənalızadə ilə gücləndiniz. Planda yenə yerli futbolçu cəlb etmək varmı, yoxsa bunu reallaşdırmaq artıq çətindir?

– Keyfiyyətli yerli oyunçulara hər bir komandanın ehtiyacı var. İndi müqaviləsiz oyunçular, demək olar, yoxdur. Keyfiyyətli futbolçuların hamısı ilə mövsüm başa çatmamış klubları razılıq əldə edib. Axtarışlarımız davam edir. Əlbəttə, belə futbolçu tapsaq, mütləq keçidini həll etməyə çalışacağıq.

– “Qəbələ”də hücum futbolu oynatdığınıza görə daha çox texnikalı futbolçulara üstünlük verirdiniz. “Araz-Naxçıvan” üçün legioner seçimində də bu kriteriyanı əsas götürürsünüz?

– Hər məşqçinin öz oyun üslubu var. Qeyd etdiyiniz kimi, xoşbəxtliyi rəqib qapısında axtarmağı sevirik. Ancaq müdafiə xətti də güclü olmalıdır. Qol vurmaq vacibdir, amma qələbə qazanmaq üçün ilk növbədə top buraxmamalısan. Müdafiə xəttini komplektləşdirmişik. İndi hücumçu və hücumameyilli futbolçuların yolunu gözləyirik. Ən yaxşı müdafiə hücumdur.

– İyulun 10-da start götürəcək Türkiyə toplanışında hansı rəqiblərlə yoldaşlıq görüşü keçirəcəyiniz dəqiqləşib?

– 3 yoxlama oyunu keçirəcəyik. Səfəri təşkil edən şirkətə oyunların tarixi ilə bağlı məlumat vermişik. Hazırda bu istiqamətdə işlər görülür. Ola bilər oyun günlərində bir gün irəli və ya geri çəkilmə olsun. Danışıqlar gedir, yəqin ki, bu həftə rəqiblərimizin kimliyi dəqiqləşəcək.

– “Araz-Naxçıvan”ın növbəti mövsümdə konkret hədəfi nə olacaq? Avrokuboklara vəsiqə qazanmağa gücünüz çatacaqmı?

– İştah diş altındadır. Ən əvvəl mübariz kollektiv qurmalıyıq. Nizam-intizam birinci yerdədir. Hamı bir-biri üçün canından keçməyə hazır olmalıdır. Məqsədimiz təbii ki, üst pillələrdə yer almaqdır. Digər komandalar da güclənir, transferlər edir. Məncə, bizi maraqlı, rəqabətli mövsüm gözləyir.

– “Qəbələ”də köməkçisi olduğunuz Roman Qriqorçuk yenidən Azərbaycanda çalışacaq. Onunla bu dəfə rəqib qismində qarşılaşacaqsınız. Bu, sizi həyəcanlandırırmı?

– Roman Qriqorçuk özünü təsdiq etmiş məşqçidir. “Qəbələ” onun rəhbərliyi altında iki dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazandı. Bu dəfə fərqli komandadadır. Onun qayıdışının məni həyacanlandırdığını deməzdim. Bizim üçün digər 9 komandanın hamısı çempionatda rəqibdir. Ona da yeni komandasında uğurlar arzulayıram.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp