Gələn mövsüm Rusiya Premyer Liqasında Mahaçqala komandası olacaq. Rusiyada nə qədər idmanın siyasətdən uzaq olduğunu bildirsələr də bu, belə deyil. Hazırda dünya idmanı siyasətlə qarışdığına görə Rusiya və Belarus atletləri bundan əziyyət çəkirlər. Rusiya mətbuatı isə bunu qınayaraq idmanı siyasətə qarışdırmamağa çağırır.

Hər bir tərəf məsələyə öz prizmasından baxır. Lazım olanda idman siyasiləşir. Ziyanı olduqda isə idmanın siyasətdən uzaq olduğu bildirilir.

Bu yaxınlarda Rusiya Federasiyasının prezidenti Vladimir Putin Dağıstana səfər etmişdi. Oraya səfəri zamanı Dərbəndi də ziyarət edən prezident bu şəhərin yaşının 2 min il deyil, 5 min olduğunu bildirdi. Bununla da Dərbənd RF-in ən qədim şəhəri statusuna sahib çıxdı. Bir çoxları Putinin belə bir vaxtda Dağıstana səfərini son vaxtlar baş qaldıran etirazlara görə etdiyini qeyd edir.

Bu səfərdə bizi maraqlandıran Dərbəndin yaşı deyil. Onun idman tərəfi bizim üçün daha vacibdir. Səfərdən dərhal sonra tanınmış mütəxəssis , Rusiyada iki dəfə çempion olan, komanda yaratmağı bacaran, həm də güclü menecer olan Qurban Berdıyev Mahaçqala “Dinamo”suna baş məqşçi təyin edildi.

Birdən-birə belə bir insanın Rusiyanın 1-ci liqasına yollanması hər bir kəsdə çoxlu sual yaradır. Niyə məhz Mahaçqala “Dinamo”su? Ölkənin ən kasıb regionlarından birində məşqçiliyi ilə bərabər pul qazanmağı da sevən Qurban Berdıyevin nə işi ola bilər? Bəlkə mütəxəssis heç bir təklifi olmadığına görə işləmək üçün yaranan ilk varianta razılıq verib? Bu da inandırıcı görünmür.

Nə qədər futboldan uzaq düşsə də, Qurban Berdıyevin təklifləri hər zaman olub. Rusiyanın elit liqasından olmasa da, qonşu dövlətlərdən təkliflər kifayət qədərdir. Qazaxıstan, Türkmənistan, İran futbol bazarında Berdıyev seçilən və hörmət bəslənən mütəxəssislərdəndir. Avrokuboklardan uzaq düşən Rusiyada bu gün özünə hörmət edən məşqçi heç premyer-liqa klubunda çalışmaq istəmir. O ki qaldı 1-ci liqaya.

Məsələ Rusiya Federasiyası rəhbərliyinin daxili siyasətindədir. SSRİ vaxtında da eyni siyasətdən istifadə edilirdi. O zaman da hər bir respublikanın komandasının güclülər dəstəsində olmasına çalışılırdı. Bu gün Rusiyada eyni siyasət yeridilir. Xalq arasında müharibəyə görə yaranan etirazların qarşısını almaq üçün onların başını qatmaq lazımdır. Xüsusilə də Dağıstan kimi bir respublikada…

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp