(əvvəli bu linkdə)

Ekoloji vəziyyətin ciddi hal alması, böyük idman təşkilatlarının bir neçə il əvvəl BMT-nin konvensiyasını imzalaması ilə nəticələndi. Bu idman təşkilatları arasında BOK və FİFA kimi nəhəng qurumlar da var idi.

Konvensiyanın əsas məqsədi 2030-cu ilə qədər parnik qazlarının tullantısını 50%-ə, karbon buraxılmasını isə 2040-cı ilə qədər 0-a endirməkdir. 250-dən çox idman təşkiları BMT-nin “Net Zero by 2050” kampaniyasına da dəstək olduqlarını bəyan etdi.

Konvensiyanı imzaladıqdan sonra FİFA əməli fəaliyyətə keçdi. 2014 və 2018-ci il dünya çempionatlarında lazımsız tullantıların sayı xeyli azaldıldı. Qətərdəki dünya çempionatı isə karbon tullantısı olmadan ilk mundial kimi tarixə düşdü. Bundan başqa, təşkilat komitəsinin üzərinə ətraf mühitin yaxşılaşdırılması üçün şərtlər qoyuldu.

Tədricən stadionların tikintisində ekoloji təmiz maddələrdən istifadə edilməyə başlanıldı. Çünki bu sahədə irəliləyiş olmasa, heç bir ekoloji proqramı gerçəkləşdirmək mümkün olmayacaq. Vacib nümələrdən biri kimi Atlantadakı “Mercedes Benz Arena”nın adını çəkmək olar. 70 minlik arenada yağış suyunu toplayıb istifadəyə yararlı hala gətirən xüsusi qurğular quraşdırılıb. Bunun sayəsində yağıntılı zonada içməli suyun qorunması maksimal həddə çatır. Stadionun altındakı anbar 9 milyon litr su saxlaya bilir. Bu sudan ağacların suvarılmasında və soyutma sistemində istifadə edilir. Arenada bu qurğunun yerləşdirilməsindən sonra suya qənaət 47%-i ötüb.

5b01597a cc26 4b8e 80af 4a95cacedb8a - Futbolinfo.az

Günəş enerjisini generasiya edən xüsusi panellər Amerika futbolu oyunlarını qəbul edən 10 stadionda quraşdırılıb. Avropada isə bu sahədə lider Yohan Kroyfun adını daşıyan Amsterdamdakı arenadır. “Ayaks” komandasının oyunlarını keçirdiyi stadionda 4,2 min günəş panelləri, yağıntılar zamanı suyu toplayan qurğular, elektromobillər üçün enerjidoldurma məntəqəsi, əlavə enerji istehsal edən yel dəyirmanı var.

6f7fa700 cb66 4340 848d 495522c1191a - Futbolinfo.az

Yazının ilk hissəsində qeyd edildiyi kimi, ekoloji vəziyyətin ağırlaşması daha çox qış idman növlərinə ziyan vurur. Hokkey bundan ən çox əziyyət çəkən idman növüdür. Yer kürəsində təbii buzun ümumi sahəsinin azalması, hokkeylə məşğul olanların da sayını azaldıb. Bütün bunları görən Milli Hokkey Liqası “NHL Green” adlı proqrama start verib. Bu proqramın da əsas məqsədi zərərli tullantıların minimuma endirilməsidir. İnnovativ texnologiyaların sayəsində buz meydançasının hazırlanması üçün tətbiq edilən köhnə sistemdən imtina edilir. Belə ki, köhnə sistem daha çox suyun israfına yol açır. Yeni texnoligiyalar isə minimum su və soyutma sistemi ilə eyni dərəcəli buz örtüyünün yaradılmasına imkan verir.

Əməli fəaliyyətə keçən digər bir idman təşkilatı Formula 1-dir. Rəhbərlik yeni reqlament tərtib edərək tullantıların azaldılmasına şərait yaradıb. Maşınların istifadə etdiyi yanacağın bir qismi təbii yolla alınır.

Əlbəttə ki, bütün bu idman təşkilatlarının başında Beynəlxalq Olimpiya Komitəsi gəlməlidir. Ən böyük miqyasa malik idman yarışlarında tullantıların sayı digərləri ilə müqayisədə daha çox olur. Bu səbəbdən də BOK zərərli tullantıların sayını minimuma endirmək üçün təşkilat komitələri ilə xüsusi iş görür. Artıq hər hansı bir şəhərə Olimpiadanı həvalə etdikdə, Təşkilat Komitəsi ilə xüsusi müqavilə imzalanır. Bu müqavilədəki əsas şərt ətraf mühitə ziyan vurmamağı təmin etməkdir. BOK-un bu planla həvalə etdiyi ilk Olimpiada yayda start götürəcək Paris oyunları olacaq.

Beynəlxalq təşkilatlar yerli federasiyaları bu işdə əməli fəaliyyətə keçməyə məcbur edir. Artıq istənilən beynəlxalq yarışı qəbul edərkən buna ciddi fikir verilir. Bu səbəbdən ölkələrin özləri də dayanmadan prosesə təkan verməlidir.

Ölkə idmanımızda hələlik bununla bağlı ciddi bir irəliləyiş görünmür. Yenicə başlanmış tendensiyaya gecikmədən qoşulmaq lazımdır. Bundan sonrakı illərdə inşa ediləcək idman arenalarında bu məsələyə xüsusi diqqət verilməlidir. Belə ki, artıq dünyanın demək olar ki, heç bir yerində köhnə texnologiya ilə arenalar inşa edilmir. Bu məsələ daim COP-un iclaslarının əsas mövzusu olub. Böyük ehtimalla bu il Bakıda keçiriləcək Beynəlxalq Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransında da məsələ əsas mövzulardan olacaq.

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares: