Müsahibə
Dani Kintana: “Qarabağ”ın Azərbaycan çempionu olması artıq adiləşib”

2015-2020-ci illərdə “Qarabağ”ın formasını geyinmiş ispaniyalı yarımmüdafiəçi Dani Kintananın futbolinfo.az saytına müsahibəsi
– “Qarabağ”da keçirdiyiniz illəri necə xatırlayırsınız?
– Mükəmməl illər idi. Karyeramın ən parlaq, yaddaqalan dönəmini “Qarabağ”da keçirdiyimi deyə bilərəm. Orada qazandıqlarıma görə xoşbəxtəm. Çoxlu şəkillər toplamışam, rəqib oyunçuların formalarını saxlayıram. Bunlar övladlarımla fəxrlə bölüşə biləcəyim xatirələrdir. Çempionlar Liqasının qrupunda oynamaq hər bir futbolçunun arzusudur. Mən bu xəyalımı “Qarabağ”da reallaşdırdım. Buna görə kluba minnətdaram.
– Azərbaycana gələndə nəvaxtsa Çempionlar Liqasının qrupunda çıxış edəcəyinizə inanırdınız?
– Düzdür, komandamız ildən-ilə inkişaf edirdi. Avropa Liqasında müntəzəm oynayırdıq və vaxt keçdikcə daha da güclü təsir bağışlayırdıq. Ancaq Çempionlar Liqasının qrupu bir qədər gözlənilməz oldu. Məqsədimiz həmişə bacardığımız yerə qədər irəliləmək olurdu. 2017-18 mövsümündə mərhələ adladıqca komanda daxilində Çempionlar Liqasının qrupuna düşməyə inam artırdı. Sonda arzumuz çin oldu.
– O mövsümdən bəri “Qarabağ” eyni uğuru təkrarlaya bilməyib. Yəni həmin nailiyyət təsadüf idi?
– Belə böyük turnirin qrupuna təsadüfi komanda çıxa bilməz. Təsadüf nəticəsində qrupda oynayan klub “Atletiko” kimi rəqibi hər iki oyunda büdrətməz. Avropanın ən yaxşı klublarının olduğu qrupda mübarizə apardıq, çox böyük təcrübə topladıq. Hətta “Roma” ilə rəqabət apara biləcəyimizi hiss edirdik. Təkcə “Çelsi” qat-qat güclü olduğunu göstərdi.
– Hansı oyun sizin üçün xüsusi yadda qalıb?
– Təbii ki, Çempionlar Liqasının qrup həyəcanı bir başqadır. Avropa Liqasında da böyük klublara qarşı matçlarımız oldu. Məsələn, “Sevilya”nı qeyd edə bilərəm. Dörd mövsüm də Avropa Liqasının qrupunda oynadım. Ümumiyyətlə, deməliyəm ki, bu iki turnir arasında ciddi yanaşma fərqi var idi. Məsələn, Avropa Liqasında “Sevilya” bizimlə görüşə ikinci heyətlə çıxmışdı. Çünki aparıcı oyunçularını La Liqa matçına saxlamışdı. Amma Çempionlar Liqasında belə bir halla rastlaşa bilmərsən.
– Beş il ərzində “Qarabağ”da çox futbolçu ilə çiyin-çiyinə oynadınız. Hansını ən güclü hesab edirsiniz?
– Azərbaycanda birgə oynadığım ən böyük futbolçu Asmir Beqoviç idi. Bizim komandaya İngiltərə Premyer Liqasından gəlmişdi. Amma özünü çox sadə, təvazökar aparırdı. Başqası olsaydı, bəlkə də lovğa, özündənrazı hərəkətlər edərdi. Beqoviç isə dəhşətli dərəcədə peşəkar idi. Ancaq o, komandada cəmi yarım mövsüm oynadı. Məsələn, İbrahim Şehiç “Qarabağ”da qapıçı kimi ondan da çox xeyir verdi. Meydan oyunçularından isə Yakub Jezniçakı fərqləndirə bilərəm. Həmişə formada idi, müdafiədə inamlı çıxış edirdi.
– Karyeranız ərzində ən uzun uzun müddət oynadığınız komanda “Qarabağ” oldu. Bunun xüsusi səbəbi var idi?
– Səbəbi komadadakı stabillik və rolum idi. “Qarabağ”ın əsas heyət üzvü idim, vacib matçların hamısında iştirak edirdim. Həm şəxsi həyatımda, həm də yaşıl meydançada özümü komfortda hiss edirdim. Yəqin ki, qazanılan çempionluqların və avrokuboklardakı uğurlu çıxışların da bunda rolu oldu.
– “Qarabağ” bu mövsümü də çempion kimi başa vurdu. Komandanın yenidən Çempionlar Liqasının qrupuna düşmək şansını necə görürsünüz?
– “Qarabağ”ın Azərbaycan çempionu olması artıq adiləşib. Açığı, bu mövsümün əvvəlində komandanı Çempionlar Liqasında görürdüm. Oyunları ilə buna layiq idilər. Son anda bəxtləri gətirmədi. Əlbəttə, qrupa düşmək asan iş deyil. Buna baxmayaraq, “Qarabağ”çətinliklərin öhdəsindən gəlməyi bacaran kollektivdir. Təsnifat mərhələlərində düşəcək rəqiblərdən də çox şey asılıdır. İnanıram ki, “Qarabağ” yenə Çempionlar Liqasının qrupuna yüksəlməklə hamımızı sevindirəcək.
FƏRİD
