Canni de Byazi “əl uşağı”na dönüb, ona dəxli olmayan hər işə buyururlar. Tezliklə italiyalını çay dəmləməyə, açıq qalmış qapını bağlamağa, AFFA-nın həyətindəki ağacları sulamağa da göndərəcəklər.

Millimizin oktyabrdakı oyunlarına çağırılacaq heyətdə hansısa hakimi görsəm, təəccüblənməyəcəm. De Byazi onlarla yaxından maraqlanır, görüşlərinə gedir, hazırlıqlarını izləyir. Klub komandaların məşqçlərinə yollanmaq daha məsləhətli olduğu halda, italiyalı fit sahibləri ilə bir araya gəlir.

Zarafat öz yerində, dünən AFFA-nın rəsmi saytından oxuduğum xəbər məni təəccübləndirdi. Məlum oldu ki, Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi Premyer Liqa oyunlarını idarə edən hakimlərin Bakı Olimpiya Stadionunda keçirilən iclasında iştirak edib. O, karyerası ərzində hakimliklə bağlı rast gəldiyi maraqlı xatirələrini danışıb, hakimlərin suallarını cavablandırıb.

Xəbərin mətni gülmək üçün kifayətdi. İtaliyalının başına gələnləri danışması, nağıllar aləminə səyahət – bütün bunlar AFFA ətrafında son zamanlar gəzən söz-söhbətlərin, mənfi yüklü informasiyaların, millinin uğursuz nəticələrinin, hakimlikdəki biabırçı durumun unutdurulmasına hesablanıb. İcraçı vitse-prezident Elxan Məmmədovun ssenarisi ilə “iş görüntüsü” yaradılır, “yuxarılar”a veriləcək hesabat üçün qovluqlar doldurulur. Yoxsa ki, de Byazinin başına gələnləri danışması, hakimlərin ona verdiyi suallara aldıqları cavablar ümumi işin faydası üçün hansı əhəmiyyəti daşıya bilər ki?

Bu, de Byazinin mənasız, əsas işinə dəxli olmayan fəaliyyətindən yalnız bir nümunədi. İtaliyalıdan rəsmi olmayan xəbərimiz də var. Yəni, bu xəbəri AFFA-nın saytından oxuya bilməzsiz, amma dəqiqliyinə tam əmin olun.

Belə ki, iki gün öncə de Byazi “Neftçi”nin köhnə bazasında görünüb, uşaq komandalarının məşqini izləyib. Təbii ki, azyaşlılardan kiminsə əsas milli komandaya çağırılmaq perspektivi yoxdu, Canni də bura başqa məqsədlə gedibmiş. Belə ki, AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyevin xahişi ilə italiyalı məşqə baxıb. Məqsəd Rauf bəyin burada çıxış edən nəvəsini izləmək, onun perspektivi haqda rəy vermək olub. Axı, hörmətli vitse-prezident həm də ölkədə uşaq futboluna bir nömrəli cavabdeh şəxsdi, yəqin nəvəsinə əcnəbi mütəxəssisin verdiyi qiyməti ümumi ölkə futbolu üçün ölçü olaraq götürəcək. Zatən 15 ildi belə işləyir, ona görə də hər ötən gün uçuruma yuvarlanırıq, onun isə sərvəti, vəzifələri artır.

Kəsəsi, de Byazi son 2-3 günü fəaliyyətinə dəxli olmayan belə “tədbirlərdə” keçirib. Bu gün sünnət toyuna gedəcək, sabah Elxan Məmmədovun bağ evinin İtaliya üslubunda rekonstruksiyasına dair tövsiyyələrini verəcək, birisi gün avtomobillərin park olunma qaydaları haqda DYP-də baş tutacaq seminara qatılacaq. Millimizin toplanışına kimi Canninin sıx qrafiki var, imkan olsa, milli komanda haqda da düşünəcək.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp