Yaponiyada fiqurlu konkisürmə üzrə Dünya Çempionatının yarış proqramı geridə qaldı. Olimpiya Oyunlarından sonra növbəti böyük turniri layiqincə təşkil edə bildilər.

Əslində, pandemiyanın vurduğu ziyan ölkəni belə bir yarışdan soyuda bilərdi. Lakin yerli idmançıların son illərdə dünya fiqurli konkisürmə elitasına yüksəlməsi bunun ehtimalını heçə endirmişdi. Nəzərə alsaq ki, rusiyalı idmançılar yarışlardan kənarlaşdırıblar, medal qazanmaq şansları bir qədər də artmışdı.

Gözlənilənlər doğruldu. Yaponiya bu Dünya Çempionatında tarixinin ən böyük nailiyyətini əldə etdi. Buvaxta qədər heç bir Asiya ölkəsi bir turnirdə bu qədər dominantlıq etməmişdi. Ümumiyyətlə, asiyalılar heç bir zaman fiqurlu konkisürmə yarışlarının favoritləri kimi göstərilməmişdilər. Bu idman növünün dominantları Rusiya , Fransa, ABŞ və bəzi hallarda Kanada olub. Son illərdə ruslar yalnız bəzi nominasiyalarda rəqiblərə qızıl medal qazanmağa imkan verirdilər. İndi isə onların yoxluğunda başqa ölkələr üçün şans yaranmışdı.

Burada başqa bir məsələni də qeyd etmək lazımdır. Rusiyada bu idman növü o qədər güclü inkişaf edib ki, milliyə düşmə şansı olmayan idmançılar başqa ölkələrin vətəndaşlığını rahatlıqla qəbul edərək böyük turnirlərə qatılırlar. Elə kişilərin yarışlarında bürünc medal qazanan İlya Malinini qeyd edə bilərik. Çoxları hətta onun burada qızıla layiq olduğunu qeyd edərək hakimlərin ədalətsizliyini vurğulayır. ABŞ-ı təmsil edən idmançı proqramı zamanı 6 dəfə kvad yerinə yetirdi. Lakin onlardan yalnız 3-ü müsbət qiymət aldı. Aksel, Luts və flip pis alındı. Yalnız Salxovla tulupu normal yerinə yetirə bildi.

İstənilən halda, hakimlərin ədalətsizliyini söyləyənlərin obyektiv olduğunu düşünmək düzgün deyil. Şoma Uno rəqibindən güclüdür. Əsas gücü isə proqramı daha az səhvlə yerinə yetirməsidir. Burada maraqlı məqam Malinini koreyalı Çxa Cunxvanın qabaqlamasıdır.

Kişilərin turniri bizim üçün də maraqlı olmalıydı. Çünki burada ölkəmizi təmsil edən idmançı vardı. O da yuxarıda sadaladığımız idmançılar kateqoriyasına aiddir və Azərbaycanı təmsil edir. Vladimir Litvintsev qısa proqramdan sonra 10-cu yerdə olsa da, bir pillə geriləyərək yekunda 11-ci oldu.

2ae4b059 0aa7 4cf4 ac60 b61dcc3d1e1c - Futbolinfo.az

Qızların yarışı ruslara qarşı sanksiyalara görə ən çox təsirə malik hissədir. Çünki məhz bu növdə rusiyalı qızlar podiumun bütün pillələrini tutmaq gücündədirlər. Son Olimpiya oyunları da bunu bir daha sübuta yetirdi. Onların gəlməməsi Kaori Sakamotaya gözəl şans yaratmışdı. Bu idmançı bir xüsusiyyətinə görə seçilir. Adətən fiqurlu konkisürmədə qızlar 20 yaşından sonra tənəzzülə doğru gedir, əksəriyyəti isə ümumiyyətlə, karyerasını bitirir. Kaoridə isə vəziyyət fərqlidir. O, 20 yaşından sonra nailiyyətlər əldə etməyə başlayıb. Bu yaşdan sonra dünya çempionu olmaq nadir göstəricidir. İkiqat dünya çempionu olmaq isə görünməmiş bir hadisədir. Əlbəttə, rusların olmaması onun işini xeyli asanlaşdırdı. Amma mütəxəssislərin fikrincə, Sakamoto onlara ciddi müqavimət göstərə bilərdi. Çempionatın Yaponiyada keçirildiyini nəzərə alsaq bu, xeyli inandırıcı görünür.

Yaponların 3-cü qızıl medalı cütlüklərin yarışında oldu. Burada da Rusiyanın cəzalandırılması təsirini qeyd edə bilərik. Onların yoxluğunda Riku Miura – Rüiti Kixara cütlüyü çempion oldular. Digər növlərdən fərqli olaraq, burada onlar ilk onluqda Asiyanı təmsil edən yeganə cütlük idilər. Tarixən bu növdə Kanada və ABŞ idmançıları çox güclü olublar – ABŞ gümüş medal qazandı, italyan cütlük isə bürünc medal əldə etdi.

Ölkəmizin təmsil olunduğu digər bir növ rəqs cütlüklərinin yarışı idi. Edrien Karxart – Aleksandr Kolosovski cütlüyü əsas hissəyə vəsiqə qazana biləyərək 29-cu oldu. Ən maraqlısı isə 30-cu yerin sahibidir. Bizdən bir pillə aşağı İspaniya cütlüyünə qismət oldu. Rəqs edənlərdən biri isə Asəf Kazımov adlı həmyerlimizdir. Ancaq təəssüf ki, Azərbaycanı özgələr, azərbaycanlımız da özgə ölkəni təmsil edir.

İlk yerin sahibi isə ABŞ-li rəqqaslar oldular. 10 il bu uğura doğru addımlayan Medison Çok və Evan Beyts nəhayət ki, Dünya Çempionatının qızıl medalı ilə qovuşa bildilər.

Qısa yekun vursaq, belə bir qənaətə gəlmək olar ki, fiqurlu konkisürmə növü ruslar olmadan da rəqabətədavamlıdır. Hətta onların yoxluğunda gərginlik və intriqa bir xeyli artıb. Bu gedişlə Asiyanın gələcək illərdə dominantlığı ələ keçirəcəyini qeyd etmək olar. Bu qitədə keçirilən Olimpiadalar fiqurlu konkisürmənin inkişafına güclü təkan verib. Hələlik, yaponlar və koreyalılar önə çıxıblar, amma bir müddət sonra çinlilərin də onlara qoşulacağının şahidi olacağıq.

İLQAR AĞAYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp