Azərbaycan milli komandasının sabiq baş məşqçisi Qyoko Hacıyevskinin futbolinfo.az saytına müsahibəsi

– Sizcə, yığmamızın yeni çalışdırıcısı Fernandu Santuş Azərbaycan millisi ilə uğurlu nəticələrə imza ata biləcək?

–  Santuş Azərbaycan üçün çox yaxşı seçimdir. Çünki o, olduqca təcrübəli və uğurlu məşqçidir. Portuqaliya yığması ilə Avropa çempionu olmasından hər kəs xəbərdardır. Onun Yunanıstan millisindəki fəaliyyətini də yaxından izləmişəm. Mən həmin vaxt Yunanıstanda çalışırdım. Yunanlarla da ortaya uğurlu iş qoymağı bacarmışdı. Santuşlu Azərbaycan millisindən ən yaxşı nəticələri gözləyirəm.

– Santuşu yaxından tanıdığınızı bildirdiniz. Siz eyni zamanda azərbaycanlı futbolçuların mentalitetinə, xasiyyətinə yaxşı bələdsiniz. Sizcə, o, azərbaycanlı oyunçularla rahatlıqla dil tapa biləcək?

– Santuş üçün milliyətindən və mentalitetindən asılı olmayaraq, futbolçularla anlaşmaq, ünsiyyət qurmaq problem deyil. O, məşqçilik fəaliyyəti ərzində dəfələrlə Portuqaliyadan kənarda işləyib. Yəni yad ölkədə işləmək təcrübəsi var. Düşünürəm ki, Santuş futbolçuların səviyyəsi, oyunçu keyfiyyəti məsələsində problem yaşayacaq. Bununla belə, o, çox təcrübəlidir. Qısa zamanda bütün futbolçuların səviyyəsini qiymətləndirəcək və millidəki atmosferi daha da yaxşılaşdırmağa çalışacaq. Ölkənizdə çalışdığım müddətdə, ondan sonra da dəfələrlə bu fikri səsləndirmişəm ki, uğur qazanmağınız üçün çoxsaylı futbolçunuzun Avropanın güclü çempionatları və yaxşı klublarına getməsi lazımdır. İnanıram ki, Santuş hazırkı heyətlə, bu futbolçu potensialı ilə də yığmanızın futbol tarixində ən yaxşı nəticələrə imza atacaq.

– Azərbaycanlı futbolçuların legioner həyatı adətən qısa çəkir. Nəyə görə bizim oyunçular ölkə xaricində özlərini yaxşı tərəfdən göstərə bilmirlər?

– Birinci səbəb odur ki, Azərbaycan çempionatı güclü liqa deyil. İkincisi, sizin məşqçiləriniz yüksək səviyyəli futbolçular yetişdirə bilmirlər. Əgər Avropa klubları sizin futbolçuları almaq istəmirlərsə, bu, onların ən yaxşı klublar üçün tələb olunan oyunçu keyfiyyətlərinə malik olmadıqlarını göstərir. Bir yığma komandanın uğur qazanması üçün iki mümkün variant var. Birincisi, güclü ölkə çempionatına malik olmaqdır. İkinci məqam isə legioner həyatı yaşayan futbolçulardır. İndi Azərbaycan millisinin Santuş kimi yaxşı məşqçisi var. Onun dünya çempionatının seçmə mərhələsində hansı nəticəyə imza atacağı mənim üçün də çox maraqlıdır. Mən Azərbaycan yığmasına uğurlar arzulayıram. Yeni təsnifat mərhələsinə yeni məşqçi, yeni atmosferlə başlayacaqsınız. Azərbaycanlı azarkeşlər milli komandaya inanmalıdırlar.

– Qonşumuz Gürcüstanın milli komandası Avro-2024-də çıxış etdi. Onlar bu uğura imza atdıqları halda, biz hələ də yerimizdə sayırıq…

– Gürcülərin Avropa çempionatına qatıla bilməsinin bir səbəbi var: onların futbolçuları legioner həyatı yaşayırlar. Kvaratsxeliya “Napoli”də, Mikautatze “Mets”də, Koçoraşvili “Levante”də, Çakvatadze “Uotford”da, Mamardaşvili “Valensiya”da, Loçoşvili “Kremoneze”də, Davidaşvili “Bordo”da çıxış edir. Digər milli üzvləri də ölkə xaricində oynayırlar.

– Azərbaycan millisinin yaxın gələcəkdə Avropa çempionatının final mərhələsində çıxış edəcəyinə inanırsınız?

– Millətlər Liqası sizin üçün yaxşı şansdır. Öz qrupunuzda birinci olmalısınız. Eyni yolla 2020-ci ildə Şimali Makedoniya, bu il isə Gürcüstan Avropa çempionatında çıxış etdi.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp